Universitetin beynəlxalq institut, kafedra və mərkəzləri

Universitetin beynəlxalq institut, kafedra və mərkəzləri

Hal-hazırda BDU-da 5 beynəlxalq Mərkəz və ya İnstitut fəaliyyət göstərir. Bunlar Rus Mərkəzi, Konfutsi İnstitutu, Abay Mərkəzi, Bakı King Sejong İnstitutu və Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzidir.

Mərkəzlər

Abay Mərkəzi - Bakı Dövlət Universitetində qazax şairi, yazıçısı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi 2011-ci ilin may ayından fəaliyyətə başlamışdır.

Mərkəzin məqsədi Azərbaycan və Qazaxıstan arasındakı mədəni əməkdaşlığın inkişafını dəstəkləmək, Qazaxıstan mədəniyyəti, tarixi ilə tanış olmaq istəyənləri lazımı materialla təmin etmək, iki ölkənin mədəniyyəti və ənənələri haqqında ətraflı məlumatların daha geniş yayılması üçün müxtəlif mövzulu layihələri reallaşdırmaqdır. Mərkəz həm də iki ölkə arasında tələbə mübadiləsini (mobilliyini) həyata keçirir.

Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi- Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi 2008-ci ilin dekabrın 17-də Koreya dövlətinin birbaşa dəstəyi ilə xarici və daxili rəqəmsal sistemləri hərtərəfli təmin etmək məqsədilə yaranan KADO-nun (Korean Agency for Digital Opportunities and Promotion) yardımı ilə açılıb. 2012-ci ilin may ayında Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha Hongun Bakı Dövlət Universitetinə səfəri zamanı Mərkəzin yenilənməsinə dair müqavilə imzalanıb. Yenilənmə işlərinə mərkəzin kompyuter sisteminin əvəzlənməsi, video-konfrans və virtual universitetin yaradılması daxil edilib.

Mərkəzin əsas məqsədi tələbələrin müasir rəqəmsal texnologiya və avadanlıqlar ilə tanış olması, son informasiya texnologiyalarına yiyələnmək, onların qloballaşan dünyanın inteqrasiya proseslərində daha fəal iştirakının təmin olunmasıdır.

3 otaqdan ibarət olan Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində tələbələrin daha geniş kompüter biliklərinə malik olmaları, eyni zamanda proqramlaşdırma dillərinə mükəmməl yiyələnmələri üçün Mərkəzdə bütün şərait vardır. İnternet Lounge room isə öz növbəsində tələbələrin və tədqiqatla məşğul olan şəxslərin internet vasitəsilə lazımi məlumatları əldə etmələri məqsədinə xidmət edir.

Mərkəz KADO-nun birbaşa dəstəyi ilə fəaliyyət göstərir.

Rus Mərkəzi - Bakı Dövlət Universitetində fəaliyyət göstərən Rus Mərkəzi 2008-ci ildə “Russkiy mir” Fondunun maliyyə dəstəyi ilə yaradılmışdır. BDU-da təsis edilən Rus Mərkəzinin məqsədi rus dili və mədəniyyətini təbliğ etmək, xaricdə rus dilinin təbliğ olunması proqramlarını dəstəkləmək, mədəniyyətlərarası dialoqun inkişafı və xalqlararası qarşılıqlı anlaşmanın güclənməsi istiqamətində müxtəlif fəaliyyətlərə imza atmaqdır. Müasir elektron kitabxanaya məxsus olan Mərkəzdə rus dili, tarixi və mədəniyyəti təbliğ olunur. Burada yeni müasir metodik baza, konfrans zalı, İnternet şəbəkəsi fəaliyyət göstərir, nüfuzlu elm adamlarının, tələbələrin iştirakı ilə tədbirlər, görüşlər, elmi-praktik konfranslar keçirilir. Hər tədris ili təşkil olunan kurslarda universitet tələbələrinin, o cümlədən əcnəbi gənclərin rus dilini öyrənməsi təmin edilir. 

İnstitutlar

Konfutsi İnstitutu – Azərbaycan- Çin təhsil və araşdırma mərkəzidir, 2011-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi əsasında, ÇXR hökuməti ilə Çin yayılma Aparatının nümayəndələri adından  Konfutsi İnstitutu yaradılmışdır.  Bu İnstitutun yaranmasında Bakı Dövlət Universiteti ilə uzun-müddətli və güclü əlaqələri olan Anhoy Universiteti əməkdaşlıq etdi, İki universitet arasında Əməkdaşlıq Memoradumu imzalanmışdır.

İnstitutun məqsədi universitetlər arasında dostluq və anlaşmanı gücləndirmək və təhsil sahəsində Azərbaycan və Çin arasında əməkdaşlıq, elm və mədəniyyəti genişləndirməkdir. Bakı Dövlət Universiteti nəzdində  Konfutsi İnstitutu Çin elmi, təhsil və icma təşkilatıdır və  Bakı Dövlət Universitetinin tədris, elmi və mədəni əlaqələrini inkişaf etdirir.

Bakı King Sejong İnstitutu - Koreya Respublikasının Kinq Sejonq İnstitutunun Fondunun qərarı ilə Bakı Dövlət Universitetinin nəzdində Bakı King Sejong İnstitutu yaradılıb.

Kinq Sejonq İnstitutu Koreya hökuməti tərəfindən 2005-ci ildə qurulub və dünyanın 50-dən artıq ölkəsində faliyyət göstərir. Əsas məqsədi koreya dilinin, mədəniyyətinin tədris edilməsi və yayılması, həmçinin müəllimlərin təhsil, informasiya xidməti ilə hərtərəfli inteqrasiya olunmalarına yardım etmək olan King Sejong İnstitutu Cənubi Qafqazda ilk dəfə olaraq Bakıda təsis edilib.

İnstitutun əməkdaşları koreyalı mütəxəssislərdir. Onlar eyni zamanda Şərqşünaslıq fakültəsində Koreya dili və ədəbiyyatının tədrisi prosesinə də cəlb olunublar.

Kafedralar

Yunesco Kafedrası - “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası 2013-cü ildə yaradılmışdır. Yaradıldığı ilkin dövrdə kafedranın adı “İnsan hüquqları” adlanırdı. Sonradan kafedra UNESCO tərəfindən 1992-ci ildə yaradılmış “UNITWIN/UNESCO Chairs Programme” əsasında Bakı Dövlət Universiteti və UNESCO arasında imzalanmış 2015-ci il tarixli Sazişlə yenidən təsis edilmiş və “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası adlandırılmışdır. 2019-cu ildə kafedranın fəaliyyət müddəti başa çatdığı üçün UNESCO-ya müraciət olunmuş və kafedranın fəaliyyəti növbəti 4 il üçün uzadılmışdır.

Hüquq fakültəsinin ən gənc akademik heyətinin cəlb olunduğu kafedranın əsas səciyyəvi xüsusiyyəti – müəllim heyətinin əksəriyyətinin nüfuzlu yerli və xarici təhsil müəssisələrini bitirməsi və müxtəlif dillərdə yüksək səviyyədə tədris aparmaq bacarığı ilə bağlıdır.