Xarici tələbələr

Əcnəbi tələbələrin mövcudluğu, onların say və keyfiyyət göstəriciləri, əcnəbi məzunların fəaliyyət istiqamətləri və qazandıqları uğurlar Bakı Dövlət Universitetinin beynəlxalq rəqabətliliyinin artırılmasında, ölkədaxili və xarici reytinqinin yüksəlməsində, Azərbaycan təhsilinin ixracyönümlülüyünun göstəricisində mühüm yer tutur.

Beynəlxalq araşdlrmalara görə XXI əsrin əvvəllərində dünya üzrə əcnəbi tələbələrin sayı 2,5 milyon təşkil edirdisə, proqnozlara əsasən 2025-ci il üçün dünya üzrə əcnəbi tələbələrin sayı 7,5 milyona çatacaqdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin açıqlamasına görə 2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən olmaqla 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır ki, onlardan da 381 nəfəri Bakı Dövlət Universitetindədir.

Bakı Dövlət Universitetində xarici ölkə vətəndaşlarının  mütəxəssis kimi hazırlığına 1968-ci ildən etibarən başlanılmışdır və yarım əsrdən çoxdur ki, BDU-da Avropa, Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün təcrübəli kadr hazırlığı  yüksək səviyyədə həyata keçirilir. Bu gün universitet məzunu olan xarici vətəndaşlar öz dövlətlərində yüksək mövqe tutur və ali strukturlara rəhbərlik edirlər.

Hal-hazırda Bakı Dövlət Universitetində 23 ölkədən əcnəbi vətəndaş təhsil alır.

Artıq uzun illərdir ki, Sosial elmlər və psixologiya fakültəsi əcnəbi tələbələrin sayına görə liderliyi qoruyub  saxlayır. Cari tədris ilində Universitetdə təhsil alan əcnəbi vətəndaşların 30% Sosial elmlər və psixologiya fakültəsinin, 18% Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin, 9% Filologiya, 7% Hüquq fakültəsinin payına düşür. Tətbiqi riyaziyyat və kibernetika ilə Tarix fakültələrində əcnəbi tələbələrin 6% təhsil alır. Əcnəbi vətəndaşlar tərəfindən tərcih edilməyən fakültələr kimi Geologiya, Coğrafiya, Ekologiya, Kitabxanaçılıq və informasiya fakültələrini qeyd etmək olar.

 

I. 2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrin təhsil alan əcnəbi təhsilalanlar haqqında ümumi məlumat:

Azərbaycanda təhsil alan əcnəbi təhsilalanların ümumi sayı 6500 yaxın
Əcnəbi təhsilalanları ilə təmsil olunan ölkələrin sayı 89
Bakı Dövlət Universitetində (BDU) təhsil alan əcnəbi təhsilalanların ümumi sayı 381
BDU-da təhsil alan əcnəbi təhsilalanları ilə təmsil olunan ölkələrin sayı 23

 

II. BDU-da əcnəbi tələbələrə prioritet ixtisaslar üzrə əcnəbi təhsilalanların fakültə/ixtisas seçimi üzrə göstəricilər:

Fakültə/ixtisaslar %
Sosial elmlər və psixologiya fakültəsi 30%
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi 18 %
Filologiya fakültəsi 9 %
Hüquq fakültəsi 7 %
Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 6 %
Tarix fakültəsi 6 %

 

QEYD: BDU-YA QƏBUL PROSEDURASINA DAİR MƏLUMATLARI BU LİNKƏ DAXİL OLMAQLA ƏLDƏ ETMƏK OLAR.