Elmi kitabxana

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası BDU-nun təsis edildiyi tarixdə, 1919-cu ildə təşkil olunmuşdur. Universiteti təşkil edən komissiya ilk yaranan fakültələrdən birinin tibb fakültəsi olduğunu nəzərə alaraq, 1919-cu il iyunun 2-də Bakı Şəhər Özünüidarəsinə və Neft Sənayeçiləri Qurultayı Şurasına müraciət edərək Mixaylov şəhər xəstəxanası və Sabunçu xəstəxanası nəzdindəki tibb kitabxanalarının universitet kitabxanasına verilməsini xahiş etmişdi. Komissiya öz xahişini belə əsaslandırırdı ki, Bakıda zəngin elmi kitabxanalar yoxdur və tezliklə xarici ölkələrdən kitablar almaq olduqca çətindir. Ona görə də kitabxanası olan bütün idarə və müəssisələr Azərbaycan xalqının elm və mədəniyyətinin inkişafında böyük rol oynayacaq bu gənc tədris müəssisəsinə kömək etməyə səy və xeyir­xahlıq göstərməlidirlər. Komissiyanın xahişinə cavab olaraq Bakı Şəhər Bələdiyyə İdarəsi Mixaylov xəstəxanası kitabxanasının universitetə birləşdiril­məsinə razılıq verdi və fondu universitetə köçürüldü. Lakin Neft Sənayeçiləri Sabunçu xəstəxanası çox qiymətli tibbi ədəbiyyat fondu olan kitabxanasının universitetə verilməsi xahişini rədd etsə də, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra onun fondu da universitet kitabxanasına verildi.

1919-cu ilin axırlarında Universiteti təşkil edən komissiya Bakı əhalisindən kitab toplamaq məqsədi ilə «Azərbaycan» qəzeti vasitəsilə xalqa müraciət etdi. Bu elandan sonra komissiya Bakı şəhərinin müxtəlif müəssisələrindən və ayrı-ayrı şəxslərdən 120 min manatlıq (bugünkü qiymətlərlə təxminən 250 min ABŞ dolları) kitab almağa müvəffəq oldu.

Kitabxanada 1919-cu ilin noyabrında qiraətxana təşkil edildi. 1920-ci ilin sentyabrında Azərbaycan Xalq Maarif Komissarlığı universitet kitabxanasını dərsliklər və digər ədəbiyyatla komplektləşdirmək məqsədilə Bakı şəhər 6 saylı məktəbin kitabxanasının universitet kitabxanasına verilməsi haqqında qərar qəbul etdi, kitabxanaya kitab və avadanlıq almaq üçün 3 milyon manat vəsait ayırdı. 1920-ci ildə isə Bakıda yerləşən XI Ordunun Siyasi İdarəsi universitet kitabxanasına 11 min cild kitab verdi. Bu kitabların ən lazımlıları seçilərək kitabxananın fonduna daxil edildi. Beləliklə, 1920-ci ilin əvvəllərində kitabxananın fondunda 4660 kitab var idi ki, bunlardan 951 nüsxəsi tibbə dair kitabları təşkil edirdi.

Fəaliyyəti. Elmi Kitabxana  öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” və “Təhsil haqqında” qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də, Bakı Dövlət Universitetinin Nizamnaməsini, universitet rəhbərliyinin əmr və göstərişlərini və Elmi Kitabxananın Əsasnaməsini rəhbər tutaraq davam etdirir. Elmi Kitabxana Bakı Dövlət Universitetinin tədris, elmi-tədqiqat və tərbiyə prosesinin informasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət edən əsas struktur bölmələrindən biridir.

Elmi Kitabxana çap əsərlərindən və digər informasiya daşıyıcılarından səmərəli istifadə olunması məqsədi ilə kompleks kitabxana, biblioqrafiya və informasiya xidmətləri göstərir. Kitabxana intellektual sərvətlərin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanılması, qorunaraq gələcək nəsillərə çatdırılması, onların oxucular arasında geniş təbliği, bəşəri dəyərlərə yiyələnən, müstəqil və yaradıcı düşünən vətəndaşların yetişdirilməsinə xidmət edir.

Oxuculara xidmət işinin təşkilində, oxucu tələbatının ödənilməsin­də respublikamızda ən böyük məlumat-biblioqrafiya aparatına və mükəmməl kataloq sisteminə malik olan kitabxana təkcə universitet kollektivinə deyil, demək olar ki, respublikamızda elmi-tədqiqat işi ilə məşğul olan bütün tədqiqatçılara xidmət göstərir. Kitabxananın soraq-biblioqrafiya aparatında jurnal və qəzetlərdə dərc edilmiş məqalələrin kartotekası da vardır ki, onlar oxucular üçün ən qiymətli informasiya mənbəyidir.

Elmi Kitabxananın vəzifələri sırasına oxucuların ənənəvi və elektron sənədlərə olan tələbatını tam ödəmək məqsədi ilə digər kitabxanalarla, elmi-texniki informasiya orqanları ilə, müəssisələrlə koordinasiya və kooperasiya yolu ilə əlaqə yaratmaq; dövlətin daxili və xarici siyasətini, xalqımızın tarixini və mədəni irsini, Azərbaycan və dünya alimlərinin elmi nailiyyətlərini təbliğ etmək; xarici ölkələrin müəssisə və təşkilatları ilə beynəlxalq kitab mübadiləsini təşkil etmək, tammətnli elektron kitabxana yaratmaq, ali təhsil müəssisəsinin profilinə uyğun elektron məlumat bazalarından istifadəni təşkil etmək və s. daxildir.

BDU-nun Elmi Kitabxanası respublikamızda yeganə kitabxanadır ki, dünyada aparılan elmi tədqiqatların nəticələrini əks etdirən referativ jurnalları alıb.

Fondunun zənginliyinə, maddi-texniki bazasına, yüksək ixtisaslı kadrlarına, xidmət mədəniyyətinə və s. göstəricilərinə görə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin 7 may 1971-ci il  tarixli 131 saylı əmrinə əsasən, kitabxanaya Azərbaycan Ali və orta ixtisas təhsili müəssisələri Kitabxanalarının respublika metodiki mərkəzi statusu verilmişdir. 1974-cü ildə kitabxanaya Elmi Kitabxana statusu verilmişdir.

Elmi Kitabxana yalnız ölkə miqyasında deyil, beynəlxalq informasiya mübadiləsi nəticəsində 50-yə yaxın ölkənin aparıcı universitetləri və elmi tədqiqat müəssisələrinin 2300-ə yaxın kitabxanası ilə əlaqələr yaradır, çox sayda universitetin profilinə uyğun elektron və çap formada olan ədəbiyyat alır, kitab mübadilələrini həyata keçirir.

BDU-nun Elmi Kitabxanası 2003-cü ildə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun elan etdiyi qrant proqramına “Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun yaradılması” adlı layihə təqdim etmiş və qalib olmuşdur. Layihənin məqsədi kitabxana işi sahəsində milli konsorsium yaradaraq, xüsusilə beynəlxalq EİFL.net konsorsiumuna üzv olmaq, beynəlxalq nəşriyyatlarla əməkdaşlıq etmək və ən əsası,  onsuz da metodik mərkəz statusu daşıyan Elmi kitabxanada yalnız ali məktəb kitabxanalarını deyil, əksər kitabxanaları bu konsorsiuma cəlb edərək birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmək olmuşdur. Layihə əsasında konsorsium 2004-cü ildən fəaliyyətə başlamış, iki il müddətində layihə Soros fondu tərəfindən maliyyələşdirilmişdir. 2006-cı ildən etibarən isə AzKİK Elmi Kitabxananın nəzdində üzv kitabxanaların maliyyələşdirilməsi ilə fəaliyyətini davam etdirir.

Tarixi və elmi əhəmiyyət kəsb edən kitabxananın fondunda çox qiymətli, na­dir elmi və milli əhəmiyyətə malik olan 2132017 nüsxə ədəbiyyat saxlanılır. Bun­la­rdan 1438973 nüsxəsi elmi fond, 693044 nüsxəsi tədris fondu, 228689 nüsxəsi dövri nəşrlər, 114785 nüsxəsini isə xüsusi növ ədəbiyyat təşkil edir. Bu zəngin kitab xəzinəsində dünyanın bir çox dillərində ədəbiy­yatın toplanması onun böyük elmi və mədəni əhəmiyyətindən xəbər verir. Elmi Kitabxananın Nadir kitablar və əlyazmalar, Şərq və Azərbaycanşünaslıq fondlarında müxtəlif elm sahələrinə dair nəşr olunmuş nadir kitablar qorunur.

Elmi Kitabxana universitetin tələbə, magistrant, doktorant və professor-müəllim heyətinə, yəni 20 mindən artıq oxucu kontingen­tinə, Azərbaycanın digər elmi müəssisələrindən və xarici ölkələrdən gələn oxuculara da xidmət göstərir.

Elmi Kitabxana bir əsrlik tarixi ərzində inkişaf edərək uğurlu yol keçmişdir və  2020-ci ilə qədər kitabxana 14 şöbə 13 bölmə ilə fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetinin Elmi Kitabxanası idarəetmənin optimallaşdırılması, fəaliyyətin səmərəliliyin artırılması və kitabxananın modernləşdirilməsi məqsədilə 13 iyul 2020-ci il tarixindən etibarən yeni yaradılmış 4 şöbə və 3 sektordan ibarət daha müasir strukturda fəaliyyətini davam etdirir. Kitabxana-informasiya resurslarının idarə edilməsi və xidmətin təşkili şöbəsi iki sektordan - İnformasiya resursları sektoru və İnformasiya xidməti sektorundan ibarətdir. İnformasiyanın emalı və sənəd dövriyyəsinin təşkili şöbəsinin nəzdində Analitik informasiya sektoru yaradılmışdır. Elektron kitabxana, Metodiki iş və əməkdaşlıq şöbələri fəaliyyət göstərir.