Elmi-Metodiki Şura haqqında əsasnamə

 
 
BAKI DÖVLƏT UNİVERSİTETİNİN ELMİ-METODİKİ ŞURASININ ƏSASNAMƏSİ
 
 
1. Ümumi müddəalar
 
1.1.
Bu Əsasnamə Bakı Dövlət Universiteti Publik Hüquqi Şəxsin (bundan sonra - BDU) Elmi-Metodiki Şurasının (bundan sonra - Şura) təşkil olunması qaydalarını, tərkibini, səlahiyyətlərini,  məqsədlərini, hüquq və vəzifələrini tənzimləyir.
 
1.2.
Şura BDU-da dövlətin elm və təhsil sahəsində siyasətinin reallaşdırılmasına xidmət edən, tədris prosesinin beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğun elmi-metodiki və tədris-metodiki təminatını həyata keçirən kollegial məşvərətçi orqandır.
 
1.3.
Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını və digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərar, əmr və sərəncamlarını, BDU-nun Nizamnaməsini, BDU-nun Himayəçilər Şurasının və BDU-nun Elmi Şurasının qərarlarını, BDU rektorunun əmr və sərəncamlarını rəhbər tutur.
 
1.4.
Şura qanunçuluq, könüllülük, şəffaflıq, plüralizm, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsipləri əsasında fəaliyyət göstərir.
 
1.5.
Şura bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini BDU-nun struktur bölmələri, rəhbər orqanları və BDU-nun Himayəçilər Şurası ilə sıx qarşılıqlı əlaqədə yerinə yetirir.
 
1.6.
Şuranın səlahiyyət müddəti 3 ildir.
 
1.7.
Bu Əsasnamə BDU-nun Himayəçilər Şurasının qərarı əsasında Himayəçilər Şurasının sədri tərəfindən təsdiq edilir və təsdiq edildiyi gündən qüvvəyə minir.
 
1.8.
Şuranın işinin təşkili və fəaliyyətinin maliyyələşdirilməsi Universitetin vəsaiti hesabına həyata keçirilir. Şura öz fəaliyyətində Universitetin mül­kiyyətində olan əmlakdan istifadə edir.
 
 
 
2. Şuranın məqsədi və vəzifələri
 
2.1.
Şuranın əsas məqsədi yeni pedaqoji texnologiyalar və innovativ təlim metodlarından istifadəyə təşviq etməklə Universitetdə tədris prosesinin keyfiyyətini yüksəltmək, elmi-metodiki və tədris-metodiki işlərin səmərəliliyini artırmaq, tələbələrin müstəqil işinin təşkilini təkmilləşdirməkdən ibarətdir.
 
2.2.
Öz məqsədinə nail olmaq üçün Şuranın əsas vəzifələri aşağıdakılardır:
 
-
tədris plan və proqramlarının ekspertizasının, tədris prosesinin metodiki təminatının keyfiyyətinin monitorinqinin təşkilində iştirak;
 
-
tədris, tədris-metodiki, elmi-metodiki ədəbiyyatın, elektron daşıyıcıların, didaktik materialların və digər tədris vəsaitlərinin nəşrinin planlaşdırılması, təhlili və nəşrinə rəy verilməsi;
 
-
tədris prosesinin metodiki təminatının yüksəldilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
 
-
qabaqcıl təcrübənin öyrənilməsi, ümumiləşdirilərək yayılması, tədris-metodiki və elmi-metodiki işlərin təkmilləşdirilməsi;
 
-
tədris prosesinin məzmununun təhlili, elmi və elmi-pedaqoji kadrların ixtisasının artırılması, yenidən hazırlanması və attestasiyası sisteminin təkmilləşdirilməsi;
 
-
keyfiyyətin idarəedilməsi sisteminin inkişaf etdirilməsi məqsədilə təkliflərin hazırlanması, metodiki işlərin nəticələrinin tədris prosesinə tətbiqi;
 
-
BDU-da metodik işlərin koordinasiyası, ayrı-ayrı fakültələr və kafedralar üzrə metodiki işlərin əlaqələndirilməsi ;
 
-
mövcud təlim vasitələrinin, texnologiyalarının, metodlarının təkmilləşdirilməsi və yenilərinin tətbiqi üçün təkliflərin verilməsi;
 
-
professor-müəllim heyətinin yaradıcı tədris-metodiki birliklərinin (daimi və müvəqqəti) yaradılmasının təşviq edilməsi və onların işinin təşkili;
 
-
pedaqoji kollektivdə elmi-metodiki potensialın təkmilləşdirilməsi işinin təşkili;
 
-
təhsilin inkişaf etdirilməsi üşün təkliflərin işlənilməsi və onların reallaşdırılması üçün prioritet istiqamətlərin formalaşdırılması;
 
-
BDU-da metodiki təminat sahəsində mövcud normativ hüquqi sənədlərin ekspertizası və onların təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
 
-
professor-müəllim heyətinin və elmi işçilərin attestasiyasında iştirak;
 
-
tələbələrin müstəqil işinin metodiki təminatı;
 
-
tədris-metodiki və elmi-metodiki işlərin səmərəliliyinin artırılması və təkmilləşdirilməsi məqsədilə seminarların, konfransların, yığıncaqların təşkili.
 
-
BDU-nun müvafiq struktur bölmələri ilə birlikdə kütləvi informasiya vasitələrində elmi-pedaqoji verilişlərin hazırlanmasına, aktual mövzularda müsahibələrin təşkilinə dair təkliflər verilməsi və onların təşkilinə kömək edilməsi.
 
 
 
3. Şuranın hüquqları
 
 
Şuranın hüquqları aşağıdakılardır:
 
-
Mövcud qanunvericiliyə uyğun olaraq BDU-dan öz fəaliyyəti üçün zəruri olan informasiya və məlumatları almaq;
 
-
BDU-da elm və təhsilin inkişafı məsələlərinin müzakirəsi üçün açıq tədbirlər (ictimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək; 
 
-
Müvafiq qaydada razılaşdırmaqla ictimai rəyin öyrənilməsi üçün sorğular keçirmək və ya aidiyyatı üzrə təşkilatlara sorğu keçirilməsi barədə təkliflər vermək;
 
-
BDU-nun Elmi Şurasının rəyini nəzərə almaqla müvafiq dövlət orqanlarına onların səlahiyyətləri çərçivəsində BDU-nun inkişaf proqramının yerinə yetirilməsinə, onun maddi-texniki bazasının təkmilləşdirilməsinə təsir edən tədbirlər keçirmək haqqında təkliflərlə müraciət etmək;
 
-
Şuranın səlahiyyətlərinə aid olan məsələlərin öyrənilməsi və həll edilməsi üçün komissiya və işçi qrupları yaratmaq və onların fəaliyyətləri ilə bağlı tövsiyələr hazırlamaq;
 
-
Ayrı-ayrı məsələlərin müzakirəsi üçün dekanları, kafedra müdirlərini, elmi və elmi-pedaqoji işçiləri Şuranın iclaslarına dəvət etmək;
 
-
Metodiki məsələlərin müzakirəsində iştirak etmək üçün Şura üzvlərini fakültə və kafedraların iclaslarına, seminarlarına göndərmək;
 
-
BDU əməkdaşlarını və professor-müəllim heyətini ayrı-ayrı metodiki işlərin yerinə yetirilməsinə cəlb etmək; 
 
-
Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, fakültələrin, kafedraların və ayrı-ayrı müəllimlərin metodiki işinin təkmilləşdirilməsi üçün təkliflər vermək.
 
 
 
4. Şuranın fəaliyyətinin təşkili qaydası
 
4.1.
Şuranın tərkibinə, bir qayda olaraq BDU-nun elmi-metodiki və tədris-metodiki iş sahəsində kifayət qədər təcrübəsi olan əməkdaşları daxil edilir. Şuranın tərkibinə BDU-nun idarəetmə orqanlarının nümayəndələri də daxil edilə bilər.
 
4.2.
Şuranın tərkibi 25 nəfərdən çox olmamaqla BDU-nun Himayəçilər Şurasının təqdimatı əsasında BDU-nun rektorunun əmri ilə təsdiq edilir.
 
4.3.
Şuranın ilk iclasında Şura üzvləri arasından açıq səsvermə yolu ilə (50 faizdən çox olmaqla adi səs çoxluğu əsasında) Şuranın sədri, sədr müavini və katibi seçilir.
 
4.4.
Şuranın sədri:
 
-
Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
 
-
Şuranın fəaliyyəti ilə bağlı məsələlərdə şuranı təmsil edir;
 
-
Şuranın fəaliyyətinin prioritet istiqamətlərini müəyyənləşdirir;
 
-
Şuranın iclaslarına sədrlik edir;
 
-
Şuranın qərar və göstərişlərinin yerinə yetirilməsinə nəzarət edir və onların yerinə yetirilməsini təmin edir;
 
-
qanunvericiliyə, BDU-nun Nizamnaməsinə və bu Əsasnaməyə müvafiq olaraq  digər məsələləri həll edir.
 
4.5.
Sədr olmadıqda sədrin müavini onun funksiyalarını icra edir.
 
4.6.
Şuranın katibliyi Şuranın kargüzarlıq işini təşkil edir və Şuranın aktlarını aidiyyəti üzrə təqdim edir.
 
4.7.
Şuranın işi BDU-nun Himayəçilər Şurasının iclasında qəbul edilən və onun sədri tərəfindən təsdiq edilən illik plan əsasında həyata keçirilir.
 
4.8.
Şuranın iclasları hər tədris ilində 4 dəfədən az olmamaqla keçirilir.
 
4.9.
Şuranın növbədənkənar iclasları Şura sədrinin şəxsi təşəbbüsü və ya Şura üzvlərinin üçdə iki hissəsinin tələbi əsasında çağırılır. Şuranın növbədənkənar iclası BDU-nun Elmi Şurasının, BDU-nun rektorunun və BDU-nun Himayəçilər Şurasının sədrinin tələbi əsasında da çağırıla bilər.
 
4.10.
Şuranın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq və ya gizli səsvermə yolu ilə (50 faizdən çox olmaqla adi səs çoxluğu əsasında) qəbul edilir. Hər hansı məsələyə dair səsvermədə səslər bərabər olduqda sədrin, o olmadıqda isə sədr müavininin səsi həlledici sayılır.
 
4.11.
Şuranın iclasları protokollaşdırılır. Protokollar Şuranın sədri və katibi tərəfindən imzalanır.
 
4.12.
Şura üzvlərinin an azı üçdə ikisi içtirak etdikdə Şuranın iclası səlahiyyətli sayılır.
 
4.13.
Şuranın sədri ildə bir dəfə Şuranın fəaliyyəti haqqında BDU-nun Elmi Şurasında və BDU-nun Himayəçilər Şurasında hesabat verir.
 
 
 
5. Əsasnaməyə dəyişikliklər və əlavələr edilməsi
 
5.1.
Bu Əsasnaməyə dəyişikliklər və əlavələr edilməsi və onun yeni redaksiyada qəbul edilməsi BDU-nun Himayəçilər Şurasının qərarı ilə yerinə yetirilir.
 
 
 
6. Şuranın yaradılması, ləğv edilməsi və yenidən təşkil edilməsi qaydası
 
6.1.
Şura BDU-nun Himayəçilər Şurasının qərarı əsasında BDU rektorunun əmri ilə yaradılır, ləğv edilir, yenidən təşkil edilir.