Beynəlxalq proqram və layihələrdə iştirak


BDU-da qabaqcıl beynəlxalq təcrübə əsasında keyfiyyətin yaxşılaşdırılması, təhsil proqramları, tədris resursları, təlim metodikalarının daha da müasirləşdirilməsi və rəqabətliliyin artırılması baxımından təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran beynəlxalq qrant proqramlarında iştiraka və xarici tərəfdaş universitet və təşkilatlarla əməkdaşlıqların genişləndirilməsinə xüsusi önəm verilir.

Erasmus+ KA02 

İTACA – “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi, İTACA” adlı qrant layihəsi İtaliyanın La Sapienza Universitetinin koordinatorluğu ilə həyata keçirilir. Layihə Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların toplandığı və reabilitasiyası ilə məşğul olan yeni nəsil 3-cü dərəcə xüsusi ixtisaslaşmış magistr kadrlarının hazırlanması, təhsilinin təşkilinə həsr edilib. Eyni zamanda, bu sahədə analiz aparan və cirkabların təmizlənməsi texnologiyası ilə məşğul olan yeni təlim mərkəzinin yaradılması və tədqiqatçı, sənaye səviyyəli postmagistrlərinin hazırlanması ilə məşğul olan Avropa şəbəkəsi standartlarına uyğun kadrların yetişdirilməsi nəzərdə tutulur.

Magnus – Bakı Dövlət Universitetinin tərəfdaşı olduğu “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” Erasmus+ KA2 layihəsinin məqsədi tərəfdaş universitetlərdə magistratura səviyyəsində “Mobil tətbiqlərin hazırlanması və oyunların dizaynı” adlı yeni ixtisasın/ixtisaslaşmanın açılması ilə yanaşı müasir standartlara cavab verən yeni tədris laboratoriyasının da təşkil edilməsidir. Layihə çərçivəsində eyni zamanda modullar üzrə fənlər və onların kreditləri müəyyənləşdirilmiş və ixtisasının tədris planı tərtib edilmişdir.

GEOCLIC - layihəsinin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir. Həmçinin, Coğrafiya fakültəsi daxilində tələbələrin təlim prosesi məqsədi ilə yeni bir laboratoriyanın təsis edilməsi, müasir avadanlıqlarla təmin edilməsi də nəzərdə tutulmuşdur. Laboratoriyanın təşkili zamanı müasir arekosmik və məzafədən zondlama üzrə avadanlıqların (bunlara misal olaraq dronlar, GPS, Çöl tədqiqatı üçün geodezik avadanlıqlar,  3 ölçülü çap qurğusu, 3 ölçülü skaner, müasir proqram təminatları, peyk qəbulediciləri, müasir manitor və komputerlər) təmin  edilməsi nəzərdə tutulur.