Şöbə haqqında

Bakı Dövlət Universitetinin (BDU)  Beynəlxalq əlaqələr şöbəsinin əsas fəaliyyəti universitetin beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, tanınmış universitetlərarası şəbəkələrə, təşkilatlara üzv olmaqla yanaşı, yeni akademik tərəfdaşlıq əlaqələrinin qurulması və BDU-nun beynəlmiləlləşmə üzrə inkişaf strategiyasından irəli gələn məsələlərin həllini özündə əhatə edir. Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklər, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlığa da xüsusi diqqət yetirilir. BDU-nun beynəlxalq əməkdaşlıq tarixi uzun illərin ənənələrinə, tarixi təcrübəyə söykənir və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və yeni tərəfdaşlıq əlaqələrinin qurulması prioritet məsələ hesab olunur. Ötən əsrin 70-ci illərindən başlayaraq BDU-nun professor-müəllim heyəti xarici ölkələrin elm və tədris müəssisələrində fəaliyyət göstərmiş, bəzi tələbə və aspirantlar xarici ölkə universitetlərində təhsil almışlar. Bir sıra inkişaf etməkdə olan ölkələrdə məhz BDU alimlərinin sayəsində bəzi elmi məktəblərin əsası qoyulmuş və bir sıra elm sahələri inkişaf etmişdir. Bu gün beynəlxalq elm və təhsil məkanında özünəməxsus yeri olan BDU dünyanın bir çox tanınmış universitetləri ilə ortaq layihələr həyata keçirir və tərəfdaş universitetlər ilə aktiv şəkildə əməkdaşlığını inkişaf etdirir. BDU-nun beynəlmilələşmə strategiyasına uyğun olaraq beynəlxalq əlaqələr şöbəsi bu strategiyada öz əksini tapan dörd əsas istiqamət üzrə beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. 

Hazırda BDU-nun dünyanın bir sıra ölkələrində onlarla Universitet ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıqlar çərçivəsində tələbələrin və əməkdaşların mübadiləsi, birgə elmi layihələrin, ortaq proqramların, kursların və tədris planlarının hazırlanması həyata keçirilir.