Bakı Universiteti nəşriyyatı

“Bakı Universiteti” nəşriyyatı BDU-nun nəşrlərinin – monoqrafiya, dərslik, dərs vəsaiti və digər tədris vəsaitlərinin, elmi məcmuələrin, qəzet və jurnalların, həmçinin təbliğat-təşviqat materiallarının nəşriyyat-redaksiya proseslərini həyata keçirir.

BDU-nun nəşriyyat fəaliyyəti Universitetin təsis olunduğu dövrdən başlayır. Universitet təsis olunarkən redaksiya-nəşriyyat şöbəsi yaradılmışdır. 1921-ci ildən cap edilən “Xəbərlər” və 1924-cü ildən nəşr olunan “Nəzəri və praktik təbabət” jurnalları BDU-nun ilk dövri elmi mətbuat orqanları olmuşdur.

BDU nəşriyyatının fəaliyyəti müxtəlif dövrlərdə obyektiv və subyektiv səbəblərdən bir neçə dəfə dayandırılsa da, professor-müəllim heyətinin təkidilə yenidən bərpa edilmişdir. Respublikada yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, onların dərslik, dərs vəsaitləri və başqa ədəbiyyatla təchiz edilməsi məqsədilə Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan 1984-cü il yanvarın 24-də Universitetin Redaksiya-nəşriyyat şöbəsinin bazasında yeni nəşriyyatın yaradılması haqqında sərəncam vermişdir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra “Bakı Universiteti” nəşriyyatının fəaliyyəti yenidən qurulmuş, maddi-texniki bazası gücləndirilmişdir.

Hazırda nəşriyyatda BDU-nun nəşrlərinin – “Bakı Universitetinin xəbərləri” jurnallarının seriyaları, “Bakı Universiteti” qəzeti, konfrans materialları, tədris proqramları, monoqrafiya, dərslik, dərs vəsaiti, metodik göstəriş və s. tədris və elmi ədəbiyyatın, eləcə də təbliğat-təşviqat və reklam-çap məhsullarının  nəşriyyat-redaksiya prosesləri yerinə yetirilir.