BDU-da sosial layihələr

Bakı Dövlət Universitetində (BDU) əməkdaşların və təhsilalanların ictimai fəallığının artırılması, onların Universitetin və ölkənin ictimai-mədəni, sosial həyatında daha aktiv iştirak etməsi, genişmiqyaslı sosial layihələrə fəal qoşulması, ölkədə maarifçilik işinə cəlb olunması, mədəni-kütləvi tədbirlərin reallaşdırılması istiqamətində bir çox layihələr həyata keçirilir. BDU ilə dövlət və qeyri-hökumət təşkilatları, ictimai birliklər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, birgə sosial layihələrin reallaşdırılması istiqamətində ciddi işlər aparılır.

Ölkədə aparılan sosial siyasətə müvafiq olaraq BDU-da sosial layihələrin genişləndirilməsi, bu istiqamətdə təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi ilə sosial inkişafa yönəlmiş ideya və təşəbbüslər dəstəklənir. Universitet kollektivinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsi, habelə həyat və sağlamlığının qorunması, elm və təhsilin inkişafı, innovativ ideyaların reallaşdırılması, maarifləndirmə işinin təkmilləşdirilməsi, təbiətin və ətraf mühitin mühafizəsi, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunması, əmək bazarında məzunların rəqabət qabiliyyətinin artırılması və s. istiqamətdə sosial layihələr həyata keçirilir.

Universitetdə yüksək əmək və təhsil şəraitinin təmin edilməsi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunması, əməkdaş və tələbələrin sağlamlığının qorunması, onların sosial müdafiəsinin təşkili, sosial rifahının yaxşılaşdırılması, ictimai fəallıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkili, təhsilslanlar üçün hərtərəfli təhsil mühitinin formalaşdırılması, sosial cəhətdən həssas əhali qrupuna aid edilən əməkdaş tələbələrin diqqət mərkəzində saxlanılması priroritet istiqamətlərdən hesab olunur. Eyni zamanda dövlət gənclər siyasətinin icrası, təhsilalanlarlarla tərbiyə işinin təkmilləşdirilməsi sahəsində sistemli layihələr həyata keçirilir.

Əməkdaşların və təhsilalanların əmək və təhsil şəraitinin, onlara ictimai iaşə xidmətinin, tibbi xidmətin yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər görülür. Son illərdə Tələbə evinin ən müasir standartlara uyğun, zəruri avadanlıqlarla təchiz edilərək istifadəyə verilməsi, yeməkxanaların əsaslı təmir olunaraq yenidən qurulması, “Kitab evi”nin yaradılması və s. bu tədbirlərin davamıdır.   

BDU-da COVID-19 pandemiyası dövründə əməkdaş və tələbələrinin sağlamlıqlarının qorunması üçün bütün zəruri tədbirlər həyata keçirilir. İnfeksiya ilə mübarizə çərçivəsində BDU-da xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunaraq, əməkdaş və tələbələrin sağlamlığının qorunması, COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilmişdir. Tədris korpuslarında, yeməkxana, yataqxana, kitabxana və s. binalarda əmək şəraiti normalarına, sanitar-gigiyena qaydalarına riayət olunmasına ciddi nəzarət edilmiş, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

BDU-nun və ona tabe qurumların giriş qapılarında, həyətində, auditoriyalarda, sanitar qovşaqlarda, dəhlizlərdə, yataqxanalarda, yeməxanalarda və s. COVID-19 infeksiyası ilə mübarizə üsullarını əks etdirən maarifləndirmə posterləri, nişan və göstəricilər yerləşdirilmiş, giriş qapılarında, tədris binalarının, elmi-tədqiqat institutlarının və yataqxanaların xüsusi ayrılmış yerlərində ən müasir dezinfeksiya tunelləri, turniketlər, avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskanın taxılmasına nəzarət edən cihazlar quraşdırılmış, sanitar qovşaqlarda əl dezinfeksiyaedici məhlullar və digər gigiyenik vasitələr yerləşdirilmişdir.

BDU-nun rəsmi internet səhifəsində, sosial media hesablarında yayımlanmaq üçün  COVID-19 infeksiyası ilə mübarizə üsullarını əks etdirən videoçarx və rəqəmsal məlumatlar hazırlanmış, profilaktik və preventiv tədbirlərin yerinə yetirilməsi üçün  əməkdaşlar təlimatlandırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na müvafiq olaraq BDU-da çalışan bütün əməkdaşların müvafiq qaydada vaksinasiya olunması işlərini sürətləndirmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir. 15-21 aprel və 19-21 may 2021-ci il tarixlərində BDU-nun təşəbbüsü və müraciəti əsasında BDU-nun ərazisində yerləşən 30 saylı şəhər poliklinikasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) vaksinasiya məntəqəsi qurulmuş və əməkdaşların mütəşəkkil şəkildə COVID-19 infeksiyasına qarşı peyvənd olunması həyata keçirilmişdir. Eyni zamanda BDU-nun əməkdaşları mütamadi olaraq ərazi və sahə poliklinikalarında vaksinasiya prosesində iştirak etmişdir.

BDU Azərbaycan Respublikası Prezidentinin yeni növ virusla mübarizədə atdığı qətiyyətli və effektiv addımları dəstəkləmiş, ölkə başçısının müvafiq Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində vacib və əhəmiyyətli tədbir kimi qiymətləndirərək BDU büdcəsindən COVID-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürülmüşdür.

BDU pandemiya dövründə ölkədə həyata keçirilən sosial aksiyalarda da fəal iştirak edir. Xüsusi karantin rejimi müddətində evdən çıxması qadağan olunan, 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə sosial qayğı göstərilməsi kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və BDU-nun birgə keçirdiyi sosial aksiya çərçivəsində Bakı şəhərinin müxtəlif ərazilərində yaşayan yaşı 65-dən yuxarı olan xüsusi risk qrupuna aid 100 şəxsə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılmış, aksiya zamanı yardım olunanlara koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydaları barədə məlumat verilmişdir.

BDU HİK ilə birgə pandemiya dövründə ehtiyacı olan, yaşı 65-dən yuxarı 500-dən çox əməkdaşa birdəfəlik maliyyə yardımı, 500-dən çox əməkdaşa ərzaq yardımı, COVID-19 infeksiyasına yoluxmuş 250-dən çox əməkdaşa maddi dəstək göstərilmişdir. BDU THİK ilə birgə 350-dək tələbəyə maliyyə yardımı, onlayn dərslərə qoşulmaqda texniki çətinlik çəkən 300-dən çox tələbəyə internet paket yardım edilmişdir.

Pandemiya dövründə BDU-nun görkəmli alimləri, peşəkar mütəxəssisləri, tanınmış ziyalılar mütəmadi olaraq kütləvi informasiya vasitələrində çıxışlar etmiş, yeni növ koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində dövlət səviyyəsində görülən tədbirlərin əhəmiyyəti, xüsusi karantin rejiminə ciddi riayət olunmasının vacibliyi, sosial izolyasiya dövründə təhsilin davamlılığı, insanların öz psixoloji sağlamlıqlarını qoruması yolları  və s. haqqında məlumat vermiş, ölkədə elmi maarifləndirmə işində yaxından iştirak etmişdir.  

BDU-nun Psixoloji yardım sektoru müntəzəm olaraq əməkdaş və tələbələr arasında maarifləndirmə tədbirləri həyata keçirmiş, xüsusi karantin dövründə evdə qalan tələbələrin, eləcə də əməkdaşların mənəvi-psixoloji vəziyyətini nəzərə alaraq rəsmi sosial media hesabları vasitəsilə onlara psixoloji dəstək göstərmişdir. Əməkdaş və tələbələrin 300-dən çox fərdi müraciətinə baxmış, onların fərdi psixoloji problemlərinin aradan qaldırılmasına peşəkar yardım etmişdir.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Böyük Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi dövründə Universitetin professor-müəllim heyəti informasiya cəbhəsində xüsusi fəallıq göstərmiş, dövri mətbuatda haqq savaşımızla bağlı ümumilikdə 100-dən çox,  tələbələrin isə 50-yə yaxın məqaləsi dərc olunmuşdur. Eyni zamanda “BDU-da Qarabağ ruhu” layihəsi çərçivəsində 30-dan çox silsilə yazı KİV-də yayımlanmışdır.

BDU kollektivi Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 500 000 manatədək vəsait köçürmüşdür.

BDU-nun rektoru Elçin Babayev BDU-nun əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına, BDU-nun İnsan hüquqları üzrə UNESCO kafedrası UNESCO və institutlarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məktub ünvanlamış, Ermənistanın Azərbaycana qarşı 30 ildir davam edən təcavüzkar siyasəti, bu təcavüzə qarşı haqq savaşı apardığımızı bildirmiş, Jurnalistika fakültəsinin professor-müəllim heyəti beynəlxalq qurumlar və beynəlxalq jurnalist təşkilatlarına bəyanat ünvanlayaraq Qarabağ müharibəsi haqqında həqiqəti yayayan jurnalistlərə qarşı ermənilərin təzyiq göstərmələrini pisləməyə çağırmışdır. Məktublarda və bəyanatda Azərbaycanın haqq savaşı apardığı, Azərbaycan ordusunun erməni təxribatına qarşı 27 sentyabr 2020-ci ildən başlayan əks-hücum əməliyyatları barədə məlumat verilmiş, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması istiqamətində hazırlanmış obyektiv, qərəzsiz reportaj və süjetlərin erməni lobbisi tərəfindən təhdid və təzyiqlə qarşılandığı vurğulanmışdır.

44 günlük Vətən Müharibəsi Şanlı Qələbəmizlə başa çatandan sonra BDU-da Vətən müharibəsinə həsr olunmuş layihələr, Vətən müharibəsində şəhid olmuş BDU məzunlarının xatirəsinin əziz tutlması, onların qəhrəmanlıqlarının tələbələr arasında təbliğ edilməsi, Vətən müharibəsi iştirakçısı olan BDU tələbələrinə kompleks qayğı göstərilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan YAŞAT Fonduna 50 min manat və işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasına dəstək məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 100 min manat ianə etmişdir.

BDU-da Vətən Müharibəsinə həsr olunmuş akademik səviyyədə qiymətləndirilməsi və əldə olunan nəticələrin tədris prosesində istifadəsi məqsədilə iki layihə həyata keçirilmişdir:  “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabatın hazırlanması və  “Vətən Müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətini təhlili”.

Hüquq fakültəsi əməkdaşlarının, xarici nüfuzlu hüquqşünas ailmlərin  iştirakı ilə hazırlanan kompleks hesabatın məqsədi işğal altında olmuş Azərbaycan Respublikası ərazilərindən olan məcburi köçkünlərin işğala qədər, işğal dövründə və işğaldan sonra öz doğma yurdlarına təhlükəsiz və şərəflə qayıtmaq hüquqları ilə əhatələnən və mühüm beynəlxalq sənədlərlə tanınaraq pozulmuş əsas hüquqları, işğalla əlaqədar vurulmuş ziyanların əhatə dairəsi, işğal dövründə törədilən beynəlxalq cinayətlər, Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətinin əsasları, işğal altında olmuş Azərbaycan Respublikası əraziləri üçün zərurət duyulan humanitar yardım və s. aktual problemlərin beynəlxalq-hüquqi həlli məsələləri xarici və yerli nüfuzlu alimlərin rəyləri ilə təqdim olunmasıdır. Layihənin nəticələri əsasında “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur. 2021-ci ildə Beynəlxalq hesabat ölkə ictimaiyyətinə təqdim olunmuş, kitab beynəlxalq təşkilatlara, dövlət və hökumət orqanlarına, diplomatik nümayəndəliklərə və s. göndərilmişdir.

“Vətən Müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətini təhlili” layihə çərçivəsində isə Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyəti təhlil edilir, müvafiq analitik tədqiqatlar aparılır. Layihənin işçi qrupuna BDU-nun Jurnalistika fakültəsinin tanınmış alimləri ilə yanaşı, ölkənin bir sıra nüfuzlu media mütəxəssisləri, beynəlxalq jurnalistika tədqiqatçıları, habelə gənc araşdırmaçılar, doktorant və magistrantlar daxil edilib. Layihə çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xarici KİV-ə müsahibələrin informasiya müharibəsində oynadığı əvəzolunmaz rol, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, beynəlxalq jurnalist təşkilatlarının mövqeyi, Vətən müharibəsində ölkə mediasının fəaliyyəti, BDU əməkdaşlarının Vətən müharibəsi dövründə ölkə mediasında çıxışlarının təhlili və s. istiqamətdə təhlillər aparılır.

Layihə uğurla başa çatmış və layihə çərçivəsində üç nəşr ölkə ictimaiyyətinə təqdim edilmişdir. Birinci kitabda – “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri” kitabında Vətən müharibəsinin getdiyi gərgin günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici media orqanlarının nümayəndələrinə verdiyi parlaq və qətiyyətli müsahibələri, bu müsahibələrin informasiya cəbhəsində, Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu təhlil edilmişdir. “Vətən müharibəsi yerli və xarici mediada” kitabında Vətən müharibəsi dövründə ölkə KİV-nin fəaliyyəti, bir sıra xarici media orqanlarında, eləcə də Ermənistan mətbuatında dərc olunan məqalələr, müsahibələr, reportajlar, analitik yazılar və s. araşdırılmış, beynəlxalq medianın müharibəyə baxışına nəzər salınmış, fərqli yanaşmalar  sistemləşdirilmiş, ümumiləşdirmələr aparılaraq təqdim olunmuşdur. “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları” kitabında 44 günlük Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin kütləvi informasiya vasitələrində  yayımlanmış yazılarının bir hissəsi toplanmışdır.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək rəşadətlə döyüşmüş, müqəddəs şəhidlik zirvəsinə ucalmış 18 şəhid məzunun xatirəsinin əziz tutulması, onların qəhrəmanlıqlarının tələbələr arasında təbliğ edilməsi, Vətən müharibəsi iştirakçısı olan BDU tələbələrinə kompleks qayğı göstərilməsi istiqamətində tədbirlər həyata keçirilir. Şəhidlərimizin xatirəsinin uca tutulması, veteran tələbə və məzunlarımıza diqqət və qayğı göstərilməsi, qazi tələbələrimizin təhsil problemlərinin öyrənilməsi, həlli istiqamətində müvafiq dəstəyin göstərilməsi, məzunların fakültələrdə tələbələrlə görüşlərinin keçirilməsini və s. nəzərdə tutan Tədbirlər Planı işlənib hazırlanmışdır və hazırda icrası davam etdirilir. Tədbirlər planına müvafiq olaraq, BDU TV-də BDU-nun 19 şəhid məzunu haqqında sənədli film hazırlanmış və ictimaiyyətə təqdim edilmişdir. BDU-nun şəhid məzunları haqqında “BDU-nun tarix yazan məzunları” kitabı nəşr olunmuşdur. Mədəniyyət-yaradıcılıq Mərkəzi və BDU TV birgə 44 verilişdən ibarət “Zəfər yolu” proqramı hazırlamışdır.

BDU Elmi Şurasının 2021-ci il 3 fevral tarixli iclasında Vətən müharibəsi iştirakçısı olmuş alt qruplarda təhsil alan BDU tələbələrinin ödənişlərinin BDU büdcəsindən ödənilməsi haqqında qərar qəbul edilmişdir.

Vətən müharibəsində iştirak etmiş BDU-nun qazi tələbələrinin təhsil problemləri öyrənilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm  iş aparılır.

Vətən müharibəsində iştirak etmiş şəhid və qazi tələbə və məzunlarına həsr olunmuş, onların keçdiyi şərəfli yol, təhsil müddətində qazandıqları nailiyyətlər, valideynlərinin, ailə üzvlərinin, tələbə yoldaşları və müəllimlərinin xatirələrinin əks olunduğu video çarxlar hazırlanır.

Mütəmadi olaraq şəhid tələbə və məzunların ailələri ilə əlaqə saxlanılır, onlara diqqət və qayğı göstərilir. BDU və Missiya İnternet Televiziyasının birgə layihəsi olan “BDU-nun tarix yazan şəhid məzunları” layihəsi hazırda davam edir. Layihənin məqsədi universitetin şəhidlik zirvəsinə ucalmış tələbə-məzunlarının xatirəsini yaşatmaq, onların şərəfli döyüş yolunu yaddaşlara əbədi həkk etməkdir. Bu məqsədlə Universitet kollektivinin və tələbə təşkilatlarının iştirakı ilə ziyarət olunan şəhid ailələrindən reportajlar hazırlanır və geniş ictimaiyyətə təqdim edilir.

Şəhid və qazilərin tələbə gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarının təbliği istiqamətində tədbirlər həyata keçirilir. Mütəmadi olaraq fakültələrdə müharibə iştirakçısı tələbə və məzunlarla onlayn görüşlər keçirilir.

2021-ci ildə 2 cilddə “Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabı nəşr olunmuş və ictimaiyyətə təqdim edilmişdir. Kitab 1991-ci ildə müstəqilliyimizin yenidən bərpasından sonra dünya şöhrətli siyasətçi, görkəmli ictimai-siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikasının 2021-ci ilə qədərki otuz illik tarixi inkişaf dövrünü əhatə edir. Tarixi faktlar və onların müqayisəli təhlili əsasında ərsəyə gətirilmiş kitab müstəqilliyin əldə edilməsi, qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəni, müasir Azərbaycanın yüksəliş və zəfər mərhələlərini əhatə edir. Müasir Azərbaycan tarixinin son 30 illik dövrünə, dövlətimizin və xalqımızın müasir dövrdə keçdiyi yollara və xüsusilə Qarabağ Zəfəri və onun siyasi nəticələrinə müfəssəl şəkildə toxunan “Azərbaycan Respublikasının tarixi” kitabı tariximizin düzgün yazılması istiqamətində atılmış ilk addımlardan biri kimi oxucular üçün kifayət qədər maraqlı və faydalı olacaqdır.

BDU-nun əməkdaş və tələbələri Universitetetin və ölkənin ictimai həyatında, ölkə miqyaslı sosial layihələrdə, mədəni-kütləvi tədbirlərdə, müsabiqə və festivallarda aktiv iştirak edir. Tələbə təşkilatlarının sosial layihələri, könüllük hərəkatının genişlənməsi istiqamətində layihələr həyata keçirilir.