BDU könüllüləri

Ölkəmizdə son illərdə vüsət alan könüllülük hərəkatında Bakı Dövlət Universitetinin könüllüləri də fəal iştirak edir. BDU tələbələri  2015-ci il Birinci Avropa Oyunları, 2017-ci il İslam Həmrəyliyi oyunları və s. kimi bir sıra ölkəmiqyaslı tədbirlərə könüllülər qismində qatılmış, tədbirlərin təşkilində, qonaqların qarşılanması, müşayiət olunması, sualların cavablandırılmasında, həmçinin tərcüməçi kimi fəal iştirak etmişdir. 2019-cu ildə Avropa liqasının final oyunlarında, Vikipediya təlimlərində, Xarici İşlər Nazirliyinin xətti ilə "Diplomatiya könüllüləri" ictimai hərəkatı, Diasporlarla iş üzrə Dövlət Komitəsinin könüllüləri sırasında və s. BDU tələbələri həvəslə iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci ilin Azərbaycanda Könüllülər ili elan olunması ilə, bütün ölkədə olduğu kimi, BDU-da da könüllülər hərəkatı daha da genişlənmiş, BDU tələbələri bir çox könüllülər hərəkatına qoşularaq ölkə miqyaslı layihələrdə yaxından iştirak etmişdir. 2020-ci il Azərbaycanda “Könüllülər ili” ilə əlaqədar BDU-da könüllülər hərəkatı genişlənmiş, “BDU könüllüləri” qrupu yaradılmışdır.  Tələbələrimiz həm “BDU könüllüləri”, həm də müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının könüllülər hərəkatına qoşulmuşdur.

2020-ci ildə BDU-nun könüllü tələbələrindən ibarət "Vikipedia qrupu" yaradılmışdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin könüllü tələbələri “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində səhifələrin yaradılmasında və redaktə olunmasında fəal iştirak etmişdir. Könüllülər Azərbaycanın maddi-mədəni abidələri, tarixi, coğrafiyası, ədəbiyyatı və s. kimi mövzularda məqalələrin yaradılması və bu sahədəki boşluqların aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Təlimlər "Müasir rəqəmsallaşdırma", "Elmi-intellektual bazanın yaradılması", "Vikipediya", "Vahid qeydiyyat sistemi" kimi mövzuları əhatə edir.

BDU-nun Jurnalistika fakültəsinin tələbələri Mərkəzi Elmi Kitabxananın “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak edərək bu günə qədər 50-dən çox yeni səhifə (məqalə) yaratmışdır. Tələbə-könüllülərin iştirakı ilə AMEA Tarix İnstitutunun fəxri doktorları, Naxçıvanın görkəmli şəxsləri, Azərbaycan jurnalları, qəzetləri, xanəndələri, diaspor nümayəndələri, jurnalistləri, kəşfiyyatçıları, Azərbaycanın xaricdə yaşayan professorları, xüsusi tarixi günlər, "Mövzulu ay" layihəsi ətrafında yeni məqalələr yaradılmış, mövcud olan məqalələr isə redaktə edilərək genişləndirilmişdir.

2020-ci ilin iyul ayında Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi ilə bağlı yaradılan, regionun ən böyük media platforması olan  “Media könüllüləri –145” layihəsinə BDU-nun 145 tələbə könüllüsü cəlb olunmuş, Azərbaycanın nüfuzlu media qurumlarında təcrübə keçmiş, seminar-treninqlərdə iştirak etmişdir.

2020-ci ilin oktyabrında BDU TV və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə layihəsi olan "Mətbuat səngəri" adlı maarifləndirici verilişə start verilmişdir. Layihə çərçivəsində BDU-nun tələbə könüllüləri 44 günlük Vətən müharibəsi, bu mübarizədə medianın üzərinə düşən vəzifələr, informasiya müharibəsi, tələbə gənclərin maarifləndirilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində verilişlər hazırlayaraq ictimaiyyətə təqdim edirlər.

2020-ci ildə BDU-nun tələbə təşkilatlarının könüllülərindən ibarət  Tələbə Nəzarət Qrupu fəaliyyətə başlamışdır. Qrup tələbələrin Universitetin ictimai həyatında, həmçinin tədris, təlim-tərbiyə prosesində daha fəal iştirakını təmin etmək məqsədilə BDU rektorunun təşəbbüsü ilə yaradılmışdır. BDU Tələbə Nəzarət Qrupuna Universitetin tələbə təşkilatlarının - Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC) və BDU Könüllüləri qrupunun nümayəndələri daxildir.

Hazırda BDU könüllüləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, ASAN XİDMƏT könüllüləri, Gənclər və İdman Nazirliyininin nəzdində yaradılmış «İdman könüllüləri» qrupu, “Aqrar İnkişaf könüllüləri”, Ekologiya  və Təbii Sərvətlər Nazirliyi könüllüləri, Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış «Diplomatiya könüllüləri» qrupu, Gənclər Fondunun «Gənc könüllü» qrupu və s. dövlət və qeyri-hökumət təşkilatlarının könüllüləri sıralarında uğurla fəaliyyət göstərirlər.

2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” ilə əlaqədar BDU-da könüllülər hərəkatı genişlənmiş, “BDU könüllüləri” qrupu yaradılmış, tələbələr həm “BDU könüllüləri”, “Bir” Tələbə-Könüllü Proqramı, həm də müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının könüllülər hərəkatına qoşularaq, ölkədə həyata keçirilən sosial layihələrdə yaxından iştirak etmişdir.

 

 

 

 BDU-nun tələbə könüllüləri

1

“BDU könüllüləri”

2

“BİR” Tələbə-Könüllü Proqramı

3

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri

4

ASAN XİDMƏT könüllüləri

5

Gənclər və İdman Nazirliyininin nəzdində yaradılmış «İdman könüllüləri» qrupu

6

“Aqrar İnkişaf könüllüləri”

7

Ekologiya  və Təbii Sərvətlər Nazirliyi könüllüləri

8

Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış «Diplomatiya könüllüləri» qrupu

9

Gənclər Fondunun «Gənc könüllü» qrupu

10

«Vikipedia könüllüləri»

11

«Media könüllüləri» və s.