BDU Mətbəəsi

 

Bakı Dövlət Universitetinin (BDU) mətbəəsi 2019-cu ildə yaradılmışdır. BDU-nun çap məhsullarının (dərslik, dərs vəsaiti və digər tədris vəsaitləri, elmi jurnallar, qəzet, buklet, bülleten, broşür və s.) hazırlanmasını və istehsalını həyata keçirir.

Mətbəə BDU ilə “BP-Azərbaycan” şirkəti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ən müasir kompüter, rəqəmsal-çap və poliqrafiya avadanlıqları ilə təchiz edilmişdir. Burada həm ofset, həm də rəqəmsal çap üsulu ilə yüksək dizayn və poliqrafik icra ilə nəşrlər hazırlanır.

Öz fəaliyyətində sürət və  keyfiyyət göstəricilərini prioritet tutaraq mətbəə istehsal etdiyi çap məhsullarının vaxtında və mükəmməl estetik tərtibatda hazırlanmasını diqqətdə saxlayır. Bununla yanaşı, mətbəənin istehsal etdiyi çap məhsullarının günümüzün tələblərinə uyğun olması istiqamətində yaradıcı işlər aparılır. İnkişafda olan poliqrafiya sahəsinin yeniliklərindən mətbəənin fəaliyyət istiqamətinə uyğun şəkildə istifadə edilir. Bu da mətbəədə görülən işlərin keyfiyyət əmsalının yüksəldilməsinə öz töhfəsini verir.

Hazırda Bakı Dövlət Universitetinin mətbəəsinin bazasında yüksək texnoloji proseslərin icrasına imkan yaradan 40-a yaxın poliqrafiya avadanlığı var. Bu avadanlıqlar 3 sahə üzrə qruplaşdırılıb:

  1. Kompüter sahəsi
  2. İstehsal sahəsi
  3. Cild və qablaşdırma sahəsi

Kompüter sahəsi informasiya texnologiyaları sahəsində istifadə olunan ən müasir kompüter və çap avadanlıqları ilə təchiz olunub. Burada əsasən nəşrlərin çapaqədərki prossesləri həyata keçirilir, dizayn və tərtibat işləri yerinə yetirilir.

İstehsal sahəsi ən müasir poliqrafiya avadanlıqları ilə təchiz olunaraq  günümüzün tələblərinə cavab verən bazaya çevrilmişdir. Burada mətbəənin bazasında mövcud olan ofset, plotter və rəqəmsal çap avadanlıqları vasitəsilə yüksək keyfiyyətli çap işləri həyata keçirilir.

Mətbəənin cildləmə və qablaşdırma sahəsində yeni növ cildləmə, qablaşdırma avadanlıqlarının sayəsində kitab, jurnal, təbliğat-təşviqat materialları, reklam-çap məhsulları və s. yüksək keyfiyyətlə cildlənməsi və qablaşdırılması həyata keçirilir.