BDU TV

Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris tele-radio studiyası 1983-cü ildə televiziya verilişləri hazırlamaq məqsədilə fəaliyyətə başlayıb. Studiyanın əsas vəzifəsi jurnalistika ixtisası üzrə təhsil alan tələbələri praktik işə cəlb etmək, nəzəri biliklərini təcrübədə tətbiq etməklə onlarda yaradıcılıq və peşə vərdişlərinin formalaşmasına köməklik göstərməkdir.

Studiya 2000-ci ildə UNESCO-nun dəstəyi ilə yeni avadanlıqlarla təchiz edilmişdir. 2006-cı ildə studiyanın nəzdində radio bölməsi açılmış, radio yayımları üçün  zəruri avadanlıqlar quraşdırılmışdır. 2016-cı ildə BDU ilə əməkdaşlıq çərçivəsində TİKA-nın maliyyə dəstəyi ilə Tədris tele-radio studiyası yenidən təmir olunmuş və ən müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilmişdir. 2019-cu ildən isə studiyanın nəzdində fotostudiya fəaliyyətə başlamışdır.

Fəaliyyəti dövründə tələbələrin nəzəri, praktik və fərdi biliklərinin artırılması məqsədi ilə studiyada tələbələrin iştirakı ilə müntəzəm olaraq televiziya və radio verilişləri,  süjetlər, tanıtım çarxları, sənədli filmlər hazırlanaraq yayımlanmışdır. Hazırda studiyada  Universitetin təhsil, elm, ictimai-sosial həyatını əks etdirən, Azərbaycan, rus və ingilis dillərində xəbərlər bloku hazırlanır. Bu xəbərlər “BDU XƏBƏR“ ,”BSU TV NEWS”, “БГУ Новости” adı altında “YOUTUBE” kanalında və sosial şəbəkələr vasitəsilə yayımlanır. Xəbərlərin hazırlanmasında aparıcı, müxbir, reportyor və operator olaraq Universitetin Jurnalistika və digər fakültələrinin tələbələri çalışırlar. Studiya həmçinin BDU-da keçirilən mədəni-kütləvi tədbirləri, elmi konfrans və simpoziumlar və s. lentə alınaraq arxivləşdirilir.

Televiziya studiyasında “Gələcəyin sədası”, “Maraq nöqtəsi”,  “Riyazi reallıq”, “Tələbə bileti”, ”Tarixin yaddaşı”, “Bioviki ”, “Techno-info”, “Mədəniyyət”, “İdmançı”, ”Sport up”, "Mətbuat səngəri" adlı verilişlər, “Heykəltaraş”,”Həyat eşqi”, “AXC-100” adlı qısammetrajlı sənədli filmlər hazırlanmışdır.

Radio studiyada “Xəbər” informasıya bloku, “Expromt”, “Bu gün”, “Mənim Universitetim”, “Uğurun alqoritmi”, “100 illik xəzinə”, “Qəhrəmanlar bizimlə”, ”Ədəbiyyatdan bir gün”, “Ədəbi incilər”, “Sənətin Əmiri”, “III mərtəbə”, “Без обид” adlı verilişlər hazırlanmışdır.

BDU-nun 100- illik yubileyi ilə münasibətilə “100 illik xəzinə” adlı radio verilişlər silsiləsi və ”BDU-ya infotur” adlı tanıtım çarxı təqdim edilmişdir.

Studiyanın BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzilə birgə hazırladığı “Xilaskar”, “Ulu Öndər”, “Vətən marşı”,”İstiqlaliyyət”, “Deyirəm uşaqlar heç ağlamasın”, “Körpə gülüşü – sevinc himni”, “Bakı Dövlət Universitetinin müəllimləri”, “Milli mədəniyyətimizin Üzeyir zirvəsi”, “Azərbaycan” adlı musiqili kompozisyalarını Universitet və ölkə ictimaiyyəti maraqla  qarşılamışdır.

Vətən müharibəsi dövründə haqq mübarizəmizə həsr olunan “Şuşa bizi gözləyir”, “Xarıbülbül”, “Terrora yox!”, “Həsrətinə qovuşduq, Xudafərin” adlı qum kompozisyaları hazırlanmışdır.

Tədris tele-radio studiyası (BDU TV) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə layihəsi olan "Mətbuat səngəri" adlı maarifləndirici verilişə start verilmişdir. Veriliş torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq mübarizəmiz, rəşadətli ordumuzun parlaq qələbəsi, müharibədə medianın üzərinə düşən vəzifələr, informasiya müharibəsi, tələbə-gənclərin mövcud vəziyyətlə bağlı maarifləndirilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi mövzuları əhatə edilir.

2020-ci ildə BDU TV-də  tələbə-gənclərin estetik və mənəvi tərbiyəsi, COVID-19 pandemiyası ilə mübarizə və s. mövzularda 67 proqram, müəllif verilişi, videçarx və s. hazırlanmışdır. Vətən müharibəsinə həsr olunmuş “Şuşa bizi gözləyir”, “Xarı bülbül”, “Həsrətinə qovuşduq, Xudafərin!” adlı qum kompozisiyaları hazırlanaraq kütləvi informasiya vasitələrində yayımlanmışdır.

 

2020-ci ildə BDU TV-də  hazırlanmış proqramlar

CƏMİ

67

Xəbərlər buraxılışı

20

Maarifləndirici proqram

4

Videodəs

8

Videçarx

11

Videotəbrik

1

Sənədli film

1

Müəllif proqramı

 2