Bakı Dövlət Universitetinin fəaliyyətində şəffaflığı təmin etmək, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilmiş və ictimai əsaslarla fəaliyyət göstərən aşağıdakı ictimai şuralar fəaliyyət göstərir:
- İctimai Nəzarət Şurası;
- Ağsaqqallar və Məsləhətçilər Şurası
- Apelyasiya Şurası;
İctimai Nəzarət Şurası
Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurası məşvərətçi qurumdur. Maraqlı tərəflərin BDU-nun idarə olunmasında iştiraka cəlb edilməsi, BDU-nun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi məqsədilə BDU Elmi Şurasının qərarı ilə 2016-cı ildə yaradılmışdır. Şura BDU ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkilinə, BDU-nun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına köməklik göstərir, Universitetin inkişaf strategiyası və perspektiv planının formalaşmasına, milli və beynəlxalq ümumtəhsil xidmətləri bazarında rəqabət qabiliyyətinə təsir göstərmək, ictimai idarətemə formalarını inkişaf etdirmək, BDU-nun təhsil, elmi və innovasiya fəaliyyətinin təkmilləşdirilməsi üçün rəy və təkliflər verir.
Eyni zamanda Şuranın fəaliyyət istiqamətinə universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşlarının və təhsilalanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi kimi məsələlər daxildir.
Şuranın əsas vəzifələri BDU-nun inkişaf strategiyası və proqramlarının formalaşdırılmasına, onun beynəlxalq, təhsil, elm, texniki, mədəni sahələrdə əməkdaşlığının inkişaf etdirilməsinə, dövlət, ictimai və işgüzar strukturlarla əməkdaşlığına yardım etmək, elm, təhsil və digər ictimai faydalı fəaliyyətini təbliğ etmək, intellektual və fiziki resurslarından istifadənin səmərəliliyini dəyərləndirməkdən ibarətdir.
Ağsaqqallar və Məsləhətçilər Şurası
BDU-nun rektoru yanında Ağsaqqallar və Məsləhətçilər Şurası 2019-cu ildən fəaliyyət göstərir. Şuranın yaradılmasında məqsəd BDU-nun fəaliyyətində qocaman elm və təhsil xadimlərinin zəngin təcrübəsindən yararlanmaq, onların pedaqoji, elmi, təlim-tərbiyə, inzibati iş təcrübəsindən Universitetdə təhsil, elm və sosial sahədə fəaliyyətin təşkili zamanı istifadə etməkdir. Şura Universitet rəhbərliyi ilə mütəmadi görüşlər keçirir, təkliflərlə çıxış edir, öz tövsiyələrini verir.
Şuraya BDU-da elm və təhsilin inkişafına xüsusi töhfələr vermiş, pedaqoji, elmi və ictimai fəaliyyətdə böyük təcrübəyə malik, yaşı 70-dən yuxarı olan nüfuzlu alimlər daxildir. Şuranın tərkibi BDU-nun rektoru tərəfindən müəyyən olunur.
Apelyasiya Şurası
BDU-nun Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı BDU-nun və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır. Daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə qərar qəbul etmək məqsədilə BDU Elmi Şurasının qərarı ilə 2020-ci ildə yaradılmışdır.
Şuranın tərkibi BDU rektoru tərəfindən müəyyən edilir.