Muzeylər

Bakı Dövlət Universitetində 5 muzey fəaliyyət göstərir:

• Heydər Əliyev muzeyi
• Bakı Dövlət Universitetinin tarixi muzeyi
• Faydalı qazıntılar muzeyi
• Təkamül muzeyi
• Arxeologiya və etnoqrafiya muzeyi

 

Bakı Dövlət Universitetinin tarixi muzeyi

Bakı Dövlət Universitetinin tarixi muzeyi 1920-ci ildə fəaliyyətə başlayıb. Muzey tarixi faktlarla zəngin materialları qoruyub gələcək nəsillərə ötürən, tələbə gənclərin vətəndaş və şəxsiyyət kimi formalaşmasında, dövlətçilik ənənələrinin qorunmasında milli-mənəvi, tərbiyəvi örnək, Azərbaycan tarixinin müəyyən dövrünü əks etdirən qiymətli mənbədir.

Muzeydə BDU-nun zəngin tarixinə, eləcə də Azərbaycanın təhsil, elm, mədəniyyət tarixinə dair materiallar, BDU-nun tanınmış alimləri, görkəmli ictimai-siyasi xadimlər haqqında sənədlər və fotomateriallar nümayiş olunur.

Muzeyin “Azərbaycan Xalq Cümhuriyyəti illəri”, “Sovet hakimiyyəti illəri”, “Müstəqillik illəri” bölmələrində BDU-nun bir əsrdən artıq zəngin tarixi ətraflı təqdim olunur. “Azərbaycan Xalq Cümhuriyyəti illəri” bölməsində Universitetin yaradılması yolunda atılan addımlar,  onun təsis edilməsi haqqında qanun, bununla bağlı 1919-cu ildə “Azərbaycan” qəzetində çap olunmuş məqalənin surəti, BDU-nun ilk möhürü (mulyaj) və s.  materiallar, “Sovet hakimiyyəti illəri” bölməsində Universitetin keçdiyi zəngin inkişaf yolu – 1920-1921-ci illərdə tələbələrə təqdim olunmuş ilk diplom nümunəsi, rektorlar barədə məlumatlar, məzunların kollektiv şəkilləri, həmin illərin yazı makinası və s. kimi nadir materiallar nümayiş etdirilir.

BDU-nun müstəqillik dövrü tarixini əks etdirən bölmədə 1990-cı illərin əvvəllərində yeni təhsil sisteminə keçid, yeni tədris bölmələrinin – fakültə və kafedraların yaradılması barədə əmrlərin surətləri, yubiley tədbirlərinin keçirilməsilə bağlı müxtəlif sənədlər, BDU-nun Fəxri doktoru adına layiq görülmüş görkəmli xadimlərin fotoşəkilləri, onlara verilən diplom nümunələri və s. yer alır.

Muzeydə BDU-nun fakültələri, onların tarixinə dair materiallar, görkəmli alimləri və məzunlarının fotoşəkilləri, istifadədə olmuş müxtəlif inventar, avadanlıq, elmi kitablar və s. maraqlı eksponatlar nümayiş etdirilir.

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BDU haqqında kəlamlarının əks olunduğu guşə, BDU-nun 100 illiyinə həsr edilmiş kitablar, poçt markası, ölkədə və beynəlxalq təşkilatlarda keçirilmiş silsilə yubiley tədbirlərini əks etdirən fotoşəkillər muzeydə xüsusi yer tutur.

 

Faydalı qazıntılar muzeyi 

Azərbaycanın zəngin faydalı qazıntılarının nümayiş olunduğu Faydalı qazıntılar muzeyi 1943-cü ildə fəaliyyətə başlamışdır. BDU-da Geologiya fakültəsi yarandığı ildə akademik Mirəli Qaşqay və professor Əziz Əsgərovun təşəbbüsləri ilə yaradılmışdır. Muzeydə ilk dövrlərdə 500-ə yaxın eksponat saxlanılırdısa, hazırda eksponatlarının sayı 6 mini keçib.

Tələbələrin geologiya ixtisasına dərindən yiyələnmələri üçün Faydalı qazıntılar muzeyində mineralogiya, petroqrafiya, faydalı qazıntılar üzrə zəngin kolleksiya toplanıb. Orijinal tematik strukturu olan muzeydə tələbələrin geologiya və geologiya mühəndisliyi ixtisaslarını hərtərəfli mənimsəmələri üçün mineralogiya, kristalloqrafiya, petroqrafiya, faydalı qazıntılar və digər fənlər üzrə mütəmadi zəngin kolleksiyalar, tematik sərgilər və ekspozisiyalar təşkil edilir. Bu ekspozisiyalar Göygöl, Qazax, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir filiz rayonlarını təmsil edir, xüsusilə Naxçıvan Muxtar Respublikasının ərazisində olan faydalı qazıntı yataqlarından götürülmüş nümunələr öz əksini tapır.

Muzeydə 1997-ci ildən akademik Musa Əliyev adına kabinet fəaliyyət göstərir. Kabinet alimin şəxsi kitabları hesabına zəngin kitabxana fonduna çevrilib.

 

Təkamül muzeyi

Muzey 1937-ci ildə prof. Mirəli Axundovun təşəbbüsü ilə yaradılıb. Qafqazda ilk və yeganə, keçmiş SSRİ-də isə bu sahədə mövcud olan nadir muzeylərdən biri olmuşdur. Muzeydə təkamül təliminə müvafiq olaraq təlimin dinamikası nümayiş olunur, tələbələrin təkamül təlimini 2461 eksponatdan ibarət əyani vəsaitlər əsasında öyrənməsinə xidmət edir.

Muzeydəki ekspozisiyalar çoxşəkilliliyi ilə fərqlənən canlıların müxtəlif mühit şəraitlərinə uyğunlaşmasının nəticəsi olduğunu təsvir edir. Paleozoy, mezozoy, kaynozoy eralarına dair toplanmış eksponatlar muzeydə, onların tarixi inkişafına uyğun olaraq, ardıcıllıqla yerləşdirilmişdir.

Muzeydə həmçinin kənd təsərrüfatının yeni, məhsuldar bitki sortları, heyvan cinslərinin yaradılmasının nəzəri əsaslarını hərtərəfli şərh edən və onun hərəkətverici qüvvəsinin süni seçmə olduğunu göstərən müxtəlif ekspozisiyalar da nümayiş etdirilir. Muzeydə Azərbaycanın faunasını əks etdirən ekspozisiya və eksponatlar xüsusi bölmədə yerləşdirilmişdir. Burada 70-dək quş növünün (kəklik, qartal, tovuz, turac, ördək və s.) müqəvvaları qorunub saxlanılır.

Muzeyin kolleksiyaları Biologiya fakültəsində tədris prosesində geniş istifadə edilir, yüksək ixtisaslı bioloqların hazırlanmasına xidmət edir.

 

Arxeologiya və etnoqrafiya muzeyi 

Arxeologiya və etnoqrafiya muzeyi 1976-cı ildə yaradılmışdır. Muzeydə Azərbaycanın bütün tarixi inkişaf mərhələlərinə aid maddi mədəniyyət nümunələri nümayiş etdirilir.

Muzey 2 hissədən ibarətdir. Arxeologiya bölməsində Azıx mağarasından tapılan nadir daş alətlər, zəngin osteoloji (sümuk) materiallar, əkinçilik mədəniyyətinə aid əmək alətləri, qədim gil məmulatı və digər nadir tapıntılar saxlanır. Bundan başqa, muzeydə "Kür-Araz", "Xocalı-Gədəbəy", "Talış-Muğan" mədəniyyətinə, eyni zamanda Qafqaz Albaniyası, antik və orta əsrlərə aid nümunələr vardır. Etnoqrafiya bolməsində Azərbaycan məişətini, zəngin mədəni irsini əks etdirən maddi mədəniyyət nümunələri nümayiş etdirilir. Bölmədə Azərbaycanın məişət və təssərrüfatına, adət-ənənəsinə, mədəniyyət və incəsənətinə aid çoxlu materiallar, Azərbaycan arxeologiyası və etnoqrafiyasının inkşafını əks etdirən xüsusi stendlər mövcuddur.

Muzeyin eksponatları Tarix fakültəsində tədris prosesində geniş istifadə edilir, tələbələrin arxeologiya və etnoqrafiya sahəsində biliklərini dərinləşdirməsinə xidmət edir.