Tələbə Gənclər Təşkilatı

Bakı Dövlət Universitetində gənclər siyasətinin həyata keçirilməsində, tələbələrlə tərbiyə işinin təkmilləşdirilməsi, tələbələr arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ideyalarının, milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və s. təbliği, gənclərin ölkənin və Universitetin ictimai-mədəni, sosial-iqtisadi həyatına daha fəal cəlb olunmasında 2005-ci ildən fəaliyyət göstərən Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (BDU TGT) mühüm rol oynayır.

BDU TGT təsdiq olunmuş iş planına əsasən tələbələrlə sistemli iş aparır, tədbirlər həyata keçirir, onların ölkənin və BDU-nun ictimai həyatına fəal qoşulmasına kömək edir. Təşkilat əsasən tələbələrin ölkənin ictimai həyatında, ölkə miqyaslı sosial layihələrdə, mədəni-kütləvi tədbirlərdə, Universitetin ictimai həyatında aktiv iştirakının təmin edilməsi; tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi; tələbələr arasında maarifləndirmə işinin aparılması; respublika və beynəlxalq müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi; tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi; tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi; tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi və s. istiqamətində fəaliyyət göstərir.

Hazırda BDU TGT Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ən böyük və fəal üzvlərindən biridir.

Təşkilatın tərkibində Fərdi inkişaf klubu, İntellektual oyunlar klubu, Gənc istedadlar klubu, Diskussiya klubu, Actor club, Music club, Art club, Eco club fəaliyyət göstərir.