Tələbə şəhərciyi

BDU-nun tələbə şəhərciyinə 1 nömrəli tələbə yataqxanası (Tələbə evi) və 2 nömrəli tələbə yataqxanası daxildir.

BDU-nun 5 mərtəbəli, 220 yerlik “Tələbə evi”  2021-ci ildə istifadəyə verilmişdir. Həm əcnəbi, həm də yerli tələbələr üçün nəzərdə tutulmuş yataqxanada 104 standart tələbə otağı və BDU-ya qısa müddətə səfərə gəlmiş qonaqlar üçün  2 qonaq otağı vardır.

“Tələbə evi”ndə müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub. Burada zəruri ədəbiyyat və əyani vəsaitlərlə təchiz edilmiş kitabxana – oxu zalı, iclas otağı, asudə vaxt otağı, mətbəx, camaşırxana, bütün zəruri avadanlıqlarla təchiz edilmiş yeməkxana fəaliyyət göstərir. Yataqxananın həyətində tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman avadanlıqları quraşdırılıb, istirahət guşəsi yaradılıb.

Yataqxananın hər mərtəbəsində 24 ikinəfərlik və 2 üçnəfərlik otaq mövcuddur. Otaqlar hər bir tələbə üçün fərdi, xüsusi dizayna və rəngə malik stol, stul, müasir yataq mebeli və qarderobla təmin olunmuşdur. Hər mərtəbədə iki mətbəx və iki məişət otağı tələbələrin xidmətindədir. Mətbəxdə tələbələrin rahatlığının təmin olunması üçün soyuducular və digər zəruri avadanlıqlar yerləşdirilmişdir. Otaqlar yüksək sürətli internet şəbəkəsi ilə təchiz olunmuşdur.

Mərkəzi istilik sistemi  ilə təchiz edilmiş yataqxananın bütün mərtəbələrində və otaqlarda yanğın əleyhinə avadanlıqlar quraşdırılmışdır.

Yataqxanada zəruri avadanlıq və dərmanlarla təmin olunmuş tibb məntəqəsi fəaliyyət göstərir. Yataqxana ərazisində təhlükəsizliyə isə kameralarla müntəzəm nəzarət edilir.

“Tələbə evi”nin - tanıtım çarxı