Azərbaycanda təhsil

Müstəqil Azərbaycan bu gün dinamik inkişaf tempinə malik dövlətlərdəndir. İqtisadiyyatımızın tərəqqisi ölkəmizdə təhsilin inkişafına da müsbət təsirini göstərib. Sosial siyasətimizin əsas prioritetlərindən biri ölkədə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır. Müstəqillik əldə etdikdən sonra qısa zaman ərzində ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılıb. Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənib. Tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənib, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" müvəffəqiyyətlə başa çatıb və bu günlərdə yeni - "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul olunub. 
Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır. Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.
1993-cü ilin iyununda ölkəni bürüyən xaos və vətəndaş müharibəsindən xilas etmək üçün xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi bərqərar etdikdən sonra təhsilin inkişafına qayğı göstərdi. Onun sayəsində ümumi təhsildə 11 illik icbari ümumi orta təhsilə keçildi. «Təhsil haqqında» qanunun yeni layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ilin martında müstəqil Azərbaycanda milli təhsil quruculuğunun konsepsiya və strategiyasını hazırlamaq məqsədilə Dövlət Komissiyası yaradıldı. Beləliklə, müstəqil Azərbaycanda 3 mərhələni əhatə edən təhsil quruculuğu konsepsiyası və strategiyası hazırlanaraq onun ardıcıl olaraq icrasına 1999-cu ildən start verildi.
Təhsilin məzmununun müstəqil Azərbaycanın dövlətçilik prinsipləri əsasında qurulması ideyası Heydər Əliyevin başlıca məqsədlərindən biri idi. Ümumtəhsil məktəbləri üçün yeni dərsliklərin hazırlanması məsələsi həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuş, bu sahədə aparılan işlərlə müntəzəm maraqlanmış, daim Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi dərsliklərinin təhsil sistemində müstəsna əhəmiyyətə malik olduğunu vurğulamışdır. Hazırda ümumtəhsil məktəblərində istifadə edilən dərslik və dərs vəsaitləri bütünlüklə yeniləşdirilmişdir. Heydər Əliyevin imzaladığı «Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında» qərarı yerinə yetirilmişdir
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən ölkəmizin davamlı sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində uğurla davam və inkişaf etdirilməkdədir. Son illərdə Prezident İlham Əliyevin təhsil sisteminə diqqət və qayğısı sayəsində ciddi nailiyyətlər qazanılmış, milli təhsil sisteminin aydın sabahını təmin edəcək bir sıra İnkişaf Proqramları təsdiq olunaraq reallaşdırılmasına başlanılmış, təhsilin davamlı inkişafına yönəlik əsaslı tədbirlər görülmüşdür. Bu tədbirlər içərisində təhsilin məzmununun yeniləşdirilməsi, yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, nəşri və təhsil müəssisələrinin onlarla fasiləsiz təmin edilməsi, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirüməsi, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə olunması, təhsildə beynəlxalq əlaqələrin genişləndirilməsi, təhsil sistemində məqsədli Proqramların həyata keçirilməsi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi və bu kimi prioritet sahələr üstünlük təşkil etmişdir.
Təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirən Prezident İlham Əliyevin təhsil sistemi qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Təhsil Nazirliyi müxtəlif sahələr üzrə qəbul edilmiş proqramları həyata keçirir. Bu proqramlar təhsilin məzmununun yeniləşdirilməsi ,yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki və tədris bazalarının möhkəmləndirilməsi, tədris prosesində informasiya texnologiyalarının istifadə olunması, kadrlarla təminat, məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki peşə təhsilinin təkmilləşdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, istedadlı uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı və digər sahələri əhatə edir.
Dövlətimizin başçısının sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadı inkişafı üzrə dövlət proqramları digər sahələrlə yanaşı, təhsil sektorunun inkişafına, o cümlədən yeni məktəblərin tikintisinə, əsaslı təmirinə və maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə yönəldilmişdir.
Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini və Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli sərəncam imzalanıb. Həmin sərəncamın birinci bəndinə əsasən «2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı» hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində son qəbul ili olan 2015-2016-cı tədris ili üzrə, bununla da ümumilikdə, Dövlət Proqramı üzrə tələbələrin seçimi başa çatıb. Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.
2016-cı ildə Maarifçı Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Fond dövlət ali təhsil müəssisələri tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Eyni zamanda, Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 aprel tarixli “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuş və semestrlər üzrə icra edilmişdir. 2021-ci il 17 iyun tarixli Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı da aztəminatlı ailələrdən olan tələbələrin rifahının yüksəlməsinə, tədris prosesinin inkişafına təsir edən əsas amillərdəndir.
Bildiririk ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı təkliflər hazırlanan zaman dövlət sifarişinin artırılması məsələsinə hər zaman diqqət artırılır. Belə ki, 2020-ci ildə əvvəlki ilə nisbətən tələbə qəbulu proqnozu 2,3%, dövlət sifarişi isə 7,13% artıb. Proqnoz yerlərin 84,5%-i dövlət, 15,5%-i isə özəl ali təhsil müəssisələrinin payına düşüb. 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin 50,1%-i dövlət sifarişi ilə təhsil almaq hüququnu əldə ediblər. 2019-cu ildə bu rəqəm 44,75% təşkil edib.
Həmçinin, Azərbaycan Prezidentinin 2019-cu il 14 fevral tarixli sərəncamına uyğun olaraq ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti 2019-2021-ci tədris ilində 45%-ə çatdırılıb. 2020-2021-ci tədris ilindən başlayaraq bu nisbətin 50%-dən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin qeyd olunan sərəncamına əsasən, bütün təhsil səviyyələri üzrə təqaüdün miqdarı artırılıb.
Bundan başqa, ali təhsil müəssisələrində çalışanların sosial müdafiəsinin daha da yaxşılaşdırılması zəruriliyini nəzərə alaraq ali təhsil müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin məbləğlərinin 2019/2020-ci tədris ilində orta hesabla 30%-lə artırılması məsələsi Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılıb və həmin məbləğlər Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli 428 nömrəli Qərarı ilə təsdiq edilib.
Bakı Dövlət Universiteti Azərbaycanın təhsil həyatında ən önəmli mövqeyə malik ali təhsil ocaqlarından biri kimi şəffaf və səmərəli idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun, informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılmasını rəhbər tutan strategiya əsasında müasir təhsil sistemini formalaşdırmaq istiqamətində əsaslı şəkildə səylərini davam etdirir.