BDU-da bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı həyata keçirilir. BDU-nun nəzdində Qazax filialı, İqtisadiyyat və humanitar kollec, Gənc İstedadlar liseyi, 3 elmi tədqiqat Mərkəzi, 11 tədris və müxtəlif istiqamətləri əhatə edən Mərkəzlər, 4 muzey, mətbəə, nəşriyyat, 24 elmi tədqiqat laboratoriyası, 55 tədris laboratoriyası fəaliyyət göstərir.
Hazırda Universitetdə 16 fakültə fəaliyyət göstərir, o cümlədən bakalavriat səviyyəsi üzrə 75 ixtisas, magistratura səviyyəsində 45 ixtisas olmaqla 219 ixtisaslaşma üzrə tədris həyata keçirilir.
BDU-da bakalavriat səviyyəsində Azərbaycan dilində 72, rus dilində 44 və ingilis dilində 24 ixtisas üzrə tədris aparılır. Hər üç səviyyə üzrə BDU-da 24 mindən çox tələbə, magistrant və doktorant təhsil alır. Bunlardan 13 mindən çox təhsilalan müxtəlif təqaüdlərə layiq görülmüşdür.
![]() |
![]() |
BDU-da pedaqoji heyət 120 kafedrada birləşən üç mindən çox müəllimdən ibarətdir. Onların arasında AR Prezidentinin fəxri təqaüdçüləri, Şərəf və Şöhrət ordenli, Tərəqqi medallı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar elm xadimləri olan 224 professor və 637 dosent çalışır.
BDU-da dünyanın 21 ölkəsindən olan 300-dən çox tələbə və magistr təhsil alır.
Qazaxıstanın Əl Fərabi adına Qazax Milli Universiteti ilə “Dəniz və enerji hüququ” ixtisaslaşması magistratura səviyyəsi üzrə, Almaniyanın Martin-Luther adına Halle-Vittenberq Universiteti ilə doktorantura səviyyəsində hüquqşünaslıq ixtisası üzrə ikili diplom proqramları mövcuddur. Eləcə də, İsrailin Holon Texnologiya İnstitutu, İsveçrənin UBİS, Fransanın Lion, ABŞ-ın Lincoln, Türkiyənin Ankara, Özbəkistanın Daşkənd Şərqşünaslıq Universitetləri ilə ikili diplom proqramları planlaşdırılır və yaxın zamanda gerçəkləşdiriləcəkdir.