Gənc İstedadlar Liseyi

 

LİSEY HAQQINDA

Ulu öndər Heydər Əliyev gənclərin hərtərəfli, ahəngdar inkişafında təhsilin imkanlarını yüksək qiymətləndirir, millətin, müstəqil dövlətin təməli olan təhsilə xüsusi qayğı göstərirdi. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərdə vətəndaşlıq mövqeyinin formalaşmasında, xüsusi istedadı olan gənclərin üzə çıxarılmasında təhsilə böyük önəm verir. Təsadüfi deyildir ki, 2006-cı il 17 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” qəbul edilmişdir. Bu proqrama uyğun olaraq Azərbaycan Respublikası Təhsil Naziriliyinin razılığı ilə 2007-ci ildən BDU nəzdində “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Liseyin başlıca vəzifəsi milli amallara xidmət edəcək gənc istedadları axtarıb üzə çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq, dərin biliyə, həmçinin yüksək mənəvi keyfiyyətlərə malik gənclər yetişdirməkdən ibarətdir. Lisey öz fəaliyyətində ümumtəhsil məktəblərinin nümunəvi tədris proqramlarını əsas götürməklə yanaşı, BDU-nun Elmi Şurasının tövsiyələrini, təhsil və tərbiyə haqqında müasir pedaqogikanın son nailiyyətlərini də rəhbər tutur. Hal-hazırda liseydə 31 sinifdə 622 şagird təhsil alır. Liseydə şagirdlərə bilik, bacarıq və vətənə sevgi aşılayan 78 nəfər yüksək ixtisaslı müəllim təhsil verir. Müəllimlərdən  4-ü elmlər doktoru və 21-i fəlsəfə doktorudur. Hal-hazıra qədər Liseyi bitirən 471 məzundan 129 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplamışdır. Abituriyentlərin 94 nəfəri BDU-ya, 62 nəfəri xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olublar. 8 nəfər abituriyent Prezident təqaüdünə layiq görülmüş, Liseyi 45 nəfər qızıl və 9 nəfər gümüş medala bitirmişdir. DİM–in  statistik məlumatlarına görə, qəbul imtahanlarında liseyin məzunları həmişə yüksək göstəricilərə nail olmuşlar. 

LİSEYİN UĞURLARI

  • Liseyin şagirdləri Respublika və Beynəlxalq olimpiadalarda, müxtəlif intellekt, bilik və idman yarışlarında bir sıra uğurlar qazanmışlar. Respublika Fənn Olimpiadasında şagirdlərimizin 14 nəfəri 1-ci, 33 nəfəri isə 2-ci və 3-cü yerlərə layiq görülmüşdür.
  • Liseyin şağirdi Quluzadə Sona 2012-ci ildə Astana, 2013-cü ildə isə Daşkənd şəhərlərində keçirilmiş Beynəlxalq Mendeleyev Olimpiadasında, 2013-cü ildə isə Moskvada 78 ölkənin iştirakı ilə keçirilmiş  Məktəblilərin Ümumdünya Kimya Olimpiadasında bürünc medala layiq görülmüşdür. “Mef okulları” İstanbul layihəsində liseyin şagirdləri 2 layihə ilə iştirak etmiş – fizika üzrə 2-ci yerə, biologiya üzrə isə 3-cü yerə layiq görülmüşlər.
  • 2011-ci ildə Bakıda keçirilmiş İNEPO Ətraf Mühitin Mühafizəsi Beynəlxalq layihə Olimpiadasında Qurbanova Fidan və İsazadə Nicat 3-cü yerə, 2013-cü ildə Abbasov İbrahim və Əliyeva Gülər və 2014-cü ildə Rəsulova Minəxanım və Orucov Barat isə qızıl medala layiq görülmüşlər.
  • 2012-ci ildə Abbasova Nərmin ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi olmuşdur. 2011-ci ildə Yusubov Kamil, 2013-cü ildə isə Həbibova Aidə qeyd olunan müsabiqədə mükafatçılar sırasında olmuşlar.
  • Rəhimli Zəhra ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü və 94 -cü ildönümü  münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində 3-cü yer əldə etmişdir.
  • Şagirdlərin meyil və maraqları nəzərə alınmaqla onların elmə olan həvəslərini artırmaq, yaradıcı potensiallarını daha da inkişaf etdirmək və gələcək inkişafını düzgün istiqamətləndirmək məqsədi ilə 2013-2019-cu illər ərzində Liseydə mütəmadi olaraq  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90, 91, 92, 93, 94, 95 və 96 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda istedadlı şagirdlərin Respublika elmi konfransı keçirilmişdir.
  • Qazandığı uğurlara görə Liseyimiz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü il 6 avqust tarixli  sərəncamı ilə 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olmuşdur. Şagirdlərimizin qazandığı uğurlar Universitet rəhbərliyinin liseyə göstərdiyi diqqət və qayğının, istedadlı uşaqlarla işin düzgün təşkilinin, həmçinin kollektivin öz işinə məsuliyyətlə yanaşmasının nəticəsidir.
  • 2012-2020-ci llər ərzində Bakıda keçirilən “Sabahın alimləri” Beynəlxalq Respublika müsabiqəsində Liseyin şagirdləri uğurla çıxış etmişlər. Belə ki, şagirdlərimizdən 23 nəfəri 1-ci, 53 nəfəri 2-ci, 44 nəfəri 3-cü yerə layiq görülmüş, 8 nəfər isə ABŞ-da keçirilən Beynəlxalq müsabiqədə Respublikamızı təmsil etmişdir.
  • 2020-ci il 05 iyun tarixində Respublika Fənn Olimpiadasının final mərhələsində  şagirdlərdən 2 nəfəri I yerə, 1 nəfəri II yerə və 2 nəfəri III yerə layiq görülmüşdür;
  • Liseyin 9-cu sinif şagirdlərindən ibarət komanda 2020-ci ilin aprel ayında Beynəlxalq Olimpiada Mərkəzi tərəfindən onlayn keçirilən Purple Comet Math Meet olimpiadasında I yerə layiq görülmüşdür; Siyahı
  • 2020-ci ilin sentyabr və dekabr aylarında liseyin X sinif şagirdi Nəriman Şirinli PolyUp Azərbaycan müsabiqəsində II yer tutaraq beynəlxalq müsabiqəyə vəsiqə qazanmışdır.
  • Liseyin IX sinif şagirdi Rəfsan Həbibullayev 2019-cu il 02-09 dekabr tarixlərində Qətər dövlətində keçirilmiş IJSO yeniyetmələrin Beynəlxalq elm olimpiadasında bürünc medal qazanmışdır;
  • 2020-ci il 16-22 dekabr tarixlərində fizika, kimya, riyaziyyat və informatika fənləri üzrə keçirilən Beynəlxalq Meqapolislər olimpiadasında liseyin X sinif şagirdi Nəriman Şirinli kimya fənni üzrə bürünc medal qazanmışdır;
  • 2020-ci ilin may ayında “Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilərarası FIBONACCI intellektual yarışı”nda liseyin komandası Bakı şəhəri üzrə 40 məktəbin komandaları arasında III yeri tutmuşdur;
  • 2020-ci il 22 noyabr tarixində liseyin XI sinif şagirdi Xanlar Abbasov onlayn keçirilən Con Fon Neyman adına Macarıstan Beynəlxalq riyaziyyat olimpiadasında həvəsləndirici mükafata layiq görülmüşdır.