Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev
Bakı Dövlət Universiteti (BDU) 100 ildən artıq olan şərəfli tarixi boyu böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirmişdir. BDU-nun ən böyük məzunu xalqına, onun mədəniyyəti və mənəviyyatına son dərəcə bağlı olan, şəxsiyyəti ilə xalqın rəmzinə çevrilən, Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu, dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevdir.
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olan Heydər Əliyev həyatının bütün dövrlərində Universitetlə təmasda olmuş, heç vaxt bu tədris müəssisəsindən qayğısını əsirgəməmişdir. Bu, onun bitirdiyi Universitetə bağlılığı, ziyalılara olan sevgisi və doğmalığından irəli gəlirdi. Heydər Əliyev Bakı Dövlət Universiteti ilə bağlı hər hansı qərarın qəbul olunmasından, onun yubileylərinin keçirilməsindən tutmuş, Universitet əməkdaşlarının təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə xüsusi həssaslıqla yanaşır, respublikanın bu ilk elm və təhsil məbədindən diqqətini əsirgəmirdi. O, BDU-nun həm Azərbaycan xalqının, həm də Universitetin şöhrətini yüksəklərə qaldıran, millətinə əvəzsiz xidmətlər göstərən ən məşhur məzunudur. Universitetin 50, 60, 75 və 80 illik yubileyləri Ümummilli Lider Heydər Əliyevin iştirakı və rəhbərliyi ilə keçirilmişdir.
BDU-nun məzunu Heydər Əliyevə verilmiş ali təhsil haqqında diplom (1957) |
Ümummilli Lider Heydər Əliyevin məzunu olduğu Tarix fakültəsinin 1956/1957-ci il buraxılışı
(Tələbələr arasında ilk sırada soldan 4-cü Heydər Əliyev)
|
Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbər seçilməsi ilə Azərbaycanın tarixində dövlət müstəqilliyinə doğru böyük dönüş və milli oyanış dövrü başladı. Qazanılan nailiyyətlərin XX əsrin sonlarında xalqımızın dövlət müstəqilliyini bərpa etməsinə verdiyi əvəzolunmaz töhfəsi danılmaz faktdır. 1969-1982-ci illəri əhatə edən mühüm tarixi mərhələ Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə XX əsrin 80-ci illərinin sonlarında respublikada yüksələn milli-azadlıq hərəkatı arasında, bir növ, körpü rolunu oynamışdır. Respublikada Heydər Əliyevin müdrik siyasəti nəticəsində 14 il ərzində yaranmış güclü sosial, iqtisadi və intellektual potensial Azərbaycanın müstəqilliyinin bərpası üçün zəmin olmuşdur.
![]() |
![]() |
![]() |
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev BDU-nun 50 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə (01 noyabr, 1969) |
1970-1980-ci illərdə digər sahələr kimi elm, təhsil, maarif, ictimai-mədəni sahələrdə keyfiyyət dəyişiklikləri baş verdi. Respublikanın tərəqqisinin kifayət qədər savadlı, milli kadrlar hazırlandığı halda mümkün olduğunu qeyd edən Heydər Əliyev Azərbaycanda ali təhsilin inkişafına xüsusi diqqət yetirir, onun şəbəkəsini genişləndirir, tələbələrin sayını artırır, müəllimlərə qayğı göstərirdi. Nəticədə ali məktəblərin maddi-texniki bazası möhkəmləndirildi, cihazlar, müxtəlif ləvazimatlar alınıb gətirildi, yataqxanalar tikildi. Bütün bunlar Azərbaycanda təhsilin səviyyəsinin yüksəlməsinə təkan verdi.
Bu illərdə Universitetdə yeni inkişaf və tərəqqiyə nail olunması, fəaliyyətinin hərtərəfli genişlənməsi və təkmilləşməsi üçün geniş imkanlar meydana çıxdı. Bu, ilk növbədə respublika rəhbərliyinin SSRİ tərkibində maksimum müstəqilliyə yönəlmiş səyləri və apardığı siyasəti nəticəsində mümkün olmuşdu. Məhz həmin illərdə Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, elmin inkişafı, beynəlxalq əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradılmış, informatika-hesablama mərkəzi açılmış, yeni tədris binaları, laboratoriya və kafedralar, kitabxana, yataqxana və s. istifadəyə verilmişdir.
Heydər Əliyev ali məktəblər içərisində Azərbaycanın Avropa tipli ilk ali təhsil ocağı, Azərbaycanın elm, təhsil və mədəniyyətinin inkişafında müstəsna rol oynamış BDU-ya xüsusi qayğı göstərirdi. Ulu Öndərin fikrincə, Universitetin auditoriyalarında, kafedralarında çalışan, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyi, milli şüuru, milli ruhunun inkişaf etdirilməsində müstəsna rol oynayırdılar. Heydər Əliyev Azərbaycan müəlliminə, onun əməyinin qiymətləndirilməsinə xüsusi diqqət göstərirdi. Məhz onun respublikaya rəhbərliyi illərində müəllim Azərbaycanda ən hörmətli və nüfuzlu peşə sahibi hesab olunmağa başladı. Ümummilli Lider əsl ziyalını yüksək qiymətləndirirdi: “Ziyalını səciyyələndirən, ən əvvəl, nədir? Ali təhsil diplomu? Elmlər namizədi, doktorluq diplomu? Zənnimcə, yox. Ziyalının başlıca keyfiyyəti cəmiyyətə fədakarlıqla xidmət etməkdir...”
![]() |
![]() |
![]() |
Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyev Universitetdə qəbul imtahanı zamanı (1 avqust, 1981) |
Heydər Əliyev Azərbaycanın çağdaş inkişafının məhz bu təhsil ocağının nailiyyətləri əsasında mümkünlüyünü qeyd edirdi. O, Azərbaycanın tarixini, mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədindən ayrı təsəvvür etmirdi. Azərbaycanın gələcəyini Universitetdə görür, yeni nəslin yetişdirilməsinə hər cür şəraitin yaradılması üçün əlindən gələni edir, inanırdı ki, Vətənimizin inkişafı bu təhsil ocağının köməyi ilə baş verə bilər. Ulu Öndər bu məsələyə dövlət siyasətinin prioritet istiqaməti kimi yanaşırdı. Buna görə də Universitet daim təhsilə göstərilən qayğının mərkəzində dayanırdı.
Məhz bu qayğının nəticəsi idi ki, 10 illik yubileyinin qeyd edilməsi təşəbbüsündən uzun müddət sonra, nəhayət 1969-cu il noyabrın 1-də Universitetin 50 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd edildi. Ölkə rəhbəri Heydər Əliyevin F.E.Dzerjinski adına klubda (indiki Şəhriyar adına klub) keçirilən yubiley tədbirində iştirakı və ana dilində nitq söyləməsi təkcə Universitet kollektivi deyil, bütün Azərbaycan cəmiyyəti üçün milli ruhun oyanması istiqamətində bir dönüş anı oldu. Bu nitq totalitar sovet rejiminin o dönəmə qədərki repressiyaları və təqiblərindən əziyyət çəkən Universitet kollektivinin ürəyində ümid çırağı yandırdı, Universitetin həyatında yeni bir keyfiyyət mərhələsinin başlanğıcını qoydu.
Universitetin Azərbaycan xalqının həyatında, Azərbaycan elminin inkişafında, iqtisadiyyatımızın yüksəlişində möhtəşəm və səmərəli rolunu vurğulayan Heydər Əliyev çıxışında demişdir: “Azərbaycan xalqının torpağında birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır. Moskvanın, Leninqradın elm və təhsil mərkəzləri nümayəndələrinin yubiley şənliklərində iştirakı bu fikrimizə sübutdur. İzn verin, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncağımızın bütün iştirakçılarını Azərbaycan xalqı adından səmimi salamlayım. ...və onlara öz minnətdarlığımı bildirim. Bu gün, təntənəli yubiley günündə biz öz biliyini, öz istedadını Azərbaycan Universitetinin yaranmasına və inkişafına sərf edənlərin xatirəsini hörmətlə yad edirik. Biz görkəmli alimlərdən və ictimai xadimlərdən V.İ.Razumovski, T.Şahbazi, İ.İ.Şirokoqorov, Y.B.Lopuxin, Ə.Haqverdiyev, R.Məlikov, H.Şahtaxtinski, C.Nağıyev, X.Rzabəyli, B.Həsənbəyov, A.Qarayev, Y.Məmmədəliyev, M.Ələkbərli və bir sıra başqa məşhur xadimlərin adlarını hörmət və minnətdarlıqla çəkirik. Onların həyatı və yaradıcılıq fəaliyyəti Azərbaycan Universitetinin tarixi ilə qırılmaz tellərlə bağlıdır. Qocaman alimlər, Azərbaycan Dövlət Universitetinin veteranları, elmi hünər estafetini Universitetin yaradıcılarından qəbul edənlər buraya, bizim iclasımıza toplaşmışlar. İzn verin, onları Azərbaycan Dövlət Universitetinin şanlı yubileyi münasibətilə ilə ürəkdən təbrik edim və möhkəm cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq nailiyyətləri arzulayım. İcazə verin, öz qüvvə və biliklərini nəcib vəzifəyə – gənc mütəxəssislər hazırlamağa həsr etmiş Azərbaycan Universitetinin bütün professor və müəllimlərini ürəkdən təbrik edim. Eləcə də Azərbaycan Universitetinin bütün yetişdirmələrini, bütün tələbələrini və onların şəxsiyyətində bütün diqqətəlayiq gənclərimizi, böyük bir işin layiqli davamçılarını hərarətlə təbrik edim”. Universitetin tarixi xidmətini yüksək qiymətləndirən siyasi xadim onu qüdrətli bir ağaca bənzədir, digər universitetləri isə onun qol-budaqları adlandırırdı. O, çıxışında 1919-cu ildə Azərbaycanın ictimai dairələrində universitet açmaq haqqında məsələ müzakirə olunduğu dövrü xarakterizə edərək göstərirdi: “Bəziləri şəkk gətirib deyirdilər ki, bu iş baş tutmayacaqdır, yaxşısı budur, gəncləri xarici ölkələrin tanınmış universitet mərkəzlərində təhsil almağa göndərək. Bu gün biz həmin inamsızlara deyə bilərik ki, dörd qitənin elçiləri təhsil almaq üçün Azərbaycana gəlirlər. Azərbaycanın ali məktəblərində dünyanın 27 xarici ölkəsinin gəncləri təhsil alırlar. Azərbaycan Universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksəkixtisaslı mütəxəssislərin böyük bir dəstəsini hazırlamışdır”. Bakıda Universitetin Azərbaycan xalqının həyatının ağır günlərində yarandığını vurğulayan Heydər Əliyev o dövrdə mövcud olan vəziyyətin belə universitet yaradılması uğrunda hərəkatın qarşısını ala bilmədiyini çox cəsarətlə vurğulayırdı. Belə bir təlatüm içərisində Universitetin yaranmasını qabaqcıl qüvvələrin qələbəsi kimi qiymətləndirən görkəmli siyasi xadim bu mühüm hadisənin doğma xalqı maarifləndirmək, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunu olduğunu göstərirdi. Sovet hakimiyyətinin qurulmasına baxmayaraq, xalqın təkidi ilə Azərbaycan Universitetinin xalq ali məktəbinə çevrildiyini, bu məktəbin qapılarının fəhlə və kəndlilərin üzünə açıldığını və ağır iqtisadi dağıntı şəraitində Universitetin ehtiyaclarına diqqət və qayğı göstərildiyini vurğulayaraq, Azərbaycan İnqilab Komitəsinin 1920-ci ildə qəbul etdiyi ilk dekreti nəzərə çatdırır, Bakı Universitetinin professorları və müəllimlərinin əvəzedilməz işçilər sırasına daxil edildiyini göstərirdi.
Heydər Əliyev çıxışında Universitetin qabaqcıl elm və mədəniyyət ocağına, yüksəkixtisaslı kadrlar hazırlayan ali məktəbə çevrildiyini, Azərbaycan xalqının parlaq və özünəməxsus mədəniyyətinin ən yaxşı ənənələrinin Universitetdə inkişaf etdiyini belə açıqlayırdı: “Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsirəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsirlik tarixinin bəzəyidir. Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar. Bu gün Azərbaycan Dövlət Universitetinin keçdiyi yarıməsirlik yola yekun vurarkən tam əsasla deyə bilərik ki, yubilyar bu yüksək ada layiq olduğunu özünün bütün fəaliyyəti ilə sübut etmişdir”. Çıxışının sonunda Heydər Əliyev Universitet kollektivinin qarşısında böyük vəzifələr qoyaraq, onun etimadını doğruldacağına, çoxminlik kollektivin bundan sonra da respublikanın ali məktəblərinin flaqmanı olan Universitetin gözəl ənənələrinə sadiq qalacağına, qarşısında duran böyük və məsul vəzifələri şərəflə yerinə yetirəcəyinə inandığını bildirdi.
Belə bir beynəlxalq tədbirdə yüzlərlə əcnəbi qonağın, o cümlədən SSRİ-nin digər respublikalarından gələn yüksək vəzifəli məmurların qarşısında ana dilində nitq söyləməsi ilə Heydər Əliyev milli ruhu Universitet divarları arasına qaytardı. Heydər Əliyev mövcud qadağaları cəsarətlə qıraraq, nitqi ilə təkcə ana dilinə olan bağlılığını, sevgi və hörmətini nümayiş etdirmədi, eyni zamanda, milli tarixə xüsusi diqqət yetirilməsinə səsləyərək, bütövlükdə Azərbaycan cəmiyyəti üçün yeni inkişaf istiqaməti müəyyənləşdirdi. Bu istiqamət milli təəssübkeşlikdən uzaqlaşmaqda olan cəmiyyətdə böyük əks-səda doğurdu.
Elm və təhsilin layiqincə inkişaf etdirməsinin, elm və mədəniyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanması işində nailiyyətlər qazanmasının nəticəsi olaraq, 1971-ci il fevralın 11-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Dövlət Universitetini yaranmasının 50 illiyi münasibətilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi.
![]() |
![]() |
![]() |
Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyev Qırmızı Əmək Bayrağı Ordeninin təqdimetmə mərasimində (1971) |
Belə bayram tədbirləri sonrakı illərdə də keçirildi. 1980-ci ildə Azərbaycan KP MK Bürosu ADU-nun 60 illik yubileyinin keçirilməsi barədə qərar qəbul etdi. Bu qərara müvafiq olaraq, 1980-ci ilin əvvəllərindən etibarən yubiley tədbirlərinə başlandı. 1980-ci il martın 13-də elmin inkişafında, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə və yaradılmasının 60 illiyi ilə əlaqədar Universitet Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olundu. Universitetdə həmin gün 60 illik yubileyə həsr olunmuş elmi sessiya keçirildi. Martın 14-də isə Universitet əməkdaşlarından 5 nəfərə Əməkdar elm xadimi, 2 nəfərə Əməkdar mədəniyyət işçisi, 2 nəfərə Əməkdar hüquqşünas, 1 nəfərə isə Əməkdar geoloq fəxri adı verildi. Universitetin 10 əməkdaşı isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olundu. Universitetin yubileyi və yüksək mükafatın təqdim edilməsi münasibəti ilə martın 14-də F.E.