Quba TTİM

Quba Tədris-təcrübə və istirahət Mərkəzi Azərbaycanın dilbər guşələrindən biri olan Quba rayonunun İkinci Nügədi kəndində yerləşir. Bakıdan 168 km aralıda yerləşən Mərkəzin ümumi sahəsi 8 hektar ərazidən ibarətdir. Bu mərkəzdən yay aylarında professor - müəllim heyətinin istirahəti üçün də istifadə olunur.

Tədris-təcrübə və istirahət mərkəzinin əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (o vaxtkı Azərbaycan SSR Nazirlər Soveti) sədri Ənvər Əlixanovun 10 iyul 1967-ci il tarixli 388 saylı sərəncamına əsasən Quba rayonunun Jdanov adına sovxozunun (indiki İkinci Nügədi kəndi) ərazisindən torpaq sahəsinin ayrılması ilə qoyulmuşdur. Həmin sərəncama müvafiq olaraq Quba rayonu İcraiyyə Komitəsinə tapşırılırdı ki, Jdanov adına sovxozun ərazisindən 8 hektar torpaq sahəsini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsi üçün tədris-təcrübə bazası təşkil etməkdən ötrü ayırsın. Lakin bu ərazi təsəvvür edilən baza anlayışından çox uzaq idi. Yaşayış məntəqələrindən uzaq, yolsuz, baxımsız sıx meşə ərazisi, alma bağları və  kolluqlar ilə əhatə olunmuşdu. İnsan ayağı dəyməyən bu yerlərdə təcrübə dərslərini təşkil etmək üçün yalnız təbiətin verdiyi nemətlər mövcud idi. Universitet rəhbərliyi bazaya yol açmaq, ərazidə heç olmazsa çadır qurmaqdan ötrü şərait yaratmaq üçün təxminən iki il çalışdı. Nəhayət, 1970-ci ilin yayında Biologiya fakültəsinin bir qrup tələbəsi təzəcə salınmış cığırla gəlib alma ağaclarının altında qurulan çadırlarda ilk təcrübələrini keçdilər. Belə "çadır təcrübə"ləri 1991-ci ilədək davam etdi.

Ermənilərin təcavüzü nəticəsində 1993-cü ildə Qubadlıdan qaçqın düşmüş 38 ailə müvəqqəti yaşamaq üçün bazada yerləşdirildi. Bu proses 2012-ci ilə kimi davam etdi və bu 20 il ərzində tələbələrin təcrübə dərsləri keçirilmədi. 2007-ci ildən Qubanın Güləzi kəndində başlanan sürüşmənin yaratdığı problemləri həll etmək, həmin kəndi yeni araziyə köçürmək məqsədilə dövlət tərəfindən rayonun Aşağı Atuc kəndi ərazisində 60 hektar torpaq sahəsi ayrıldı və həmin yerdə hər birinin həyətyanı sahəsi 8 sot olan 189 mənzil inşa olundu. 2012-ci il martın 6-da istifadəyə verilən həmin qəsəbənin sakinlərinin bir qismi də həyat şəraitini yaxşılaşdırmaq arzusu ilə müraciət edən BDU-nun tədris-təcrübə bazasında məskunlaşan qaçqınlar oldu və bu hadisə yeni Tədris-təcrübə Mərkəzinin tikintisinə şərait yaratdı. Bir müddət sonra BDU-nun Elmi Şurası “Biologiya fakültəsinin tədris-təcrübə bazası” adının dəyişdirilərək “Bakı Dövlət Universitetinin Tədris-təcrübə və istirahət Mərkəzi” olması haqqında qərar qəbul etdi.

Uzun müddət "müvəqqəti" istifadəçilər tərəfindən barbad hala düşən, təməlinə qədər çürüyən binanı XXI əsrin tələbəsi üçün təmir etməkdənsə, yeni bina tikmək daha əlverişli idi. Ondan inşaatçılar üçün müvəqqəti daldanacaq yeri və anbar kimi istifadə etmək qərarı ilə bir qədər aralıda - gözəl dağətəyi yerdə beşmərtəbəli yeni binanın təməli qoyulmağa başlandı. Bu, ərazidə BDU-nun 2008-ci ildə istifadəyə verilən on mərtəbəli Yeni tədris korpusunun sahəsindən böyük idi. Nəzərə alanda ki, burada yalnız bir tipli tədris auditoriyaları yox, həm də hər birində fərdi sanitar qovşağı, duş kabinəsi və yataq dəsti olan 150 otaq, 200 nəfərlik yeməkxana kompleksi, 300 nəfərlik böyük akt zalı, idman və trenajor zalları, kitabxana və digər zəruri otaq və avadanlıqlarla təchiz edilmiş mürəkkəb bir şəbəkə qurulmalı idi, tikintinin miqyasını təsəvvür etmək onu başa çatdırmaq qədər çətin idi.

2013-cü il aprelin 28-də BDU kollektivi Nügədidə ilk iməciliyi keçirdi. Bundan sonra iməciliklər intensiv xarakter aldı. Onlarla insan könüllü şəkildə şənbə və bazar günlərini tikintinin başa çatmasına həsr etdi. Avqust ayından isə isə bu intensivlik bir qədər də artdı, ayrı-ayrı fakültələrin əməkdaşları açılış ərəfəsində ərazinin abadlaşmasına və səliqəyə salınmasina öz böyük töhfələrini verdi. Qısa müddət ərzində əkilən ağaclar və güllər, salınan yollar, göz oxşayan yaşıllıqlar təbiətin bu dilbər guşəsinə yeni rövnəq gətirdi. Tikinti işləri sentyabrın ortalarında yekunlaşdı və bir zamanlar - 1919-cu ildə Universitet açılarkən ilk rektor V.V.Razumovskinin dediyi: "Şərqlə Qərbin qovşağında bir məşəl yandı-bu, Bakı Dövlət Universitetidir", sözləri insanları nə qədər sevindirmişdisə, 45 ildən sonra, nəhayət, Qubada Tədris-təcrübə və istirahət Mərkəzi açıldı.

2013-cü il sentyabrın 18-i BDU-nun tarixinə xüsusi bir hadisə kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakı Dövlət Universitetinin Tədris-təcrübə və istirahət Mərkəzinin açılış mərasimində iştirak etdilər. Tikintinin gedişi və binanın strukturu ilə yaxından maraqlanan ölkə başçısı tədris və istirahət otaqları, akt və konfrans zalları, yeməkxana və idman kompleksləri ilə tanış oldu.

Binanın girişində Ümummilli lider Heydər Əliyevin büstü qoyulub, arxasındakı divarda Ulu öndərin ölkəmizin müstəqilliyi ilə bağlı dəyərli fikirləri həkk olunub. Üzbəüzdə isə həm Ümummilli liderin, həm də ölkə başçısı cənab İlham Əliyevin Universitetlə bağlı şəkillərindən ibarət fotostend hazırlanıb.

 2-ci mərtəbədə müzakirələrin aparılması və tədbirlərin keçirilməsi üçün 30 nəfərlik konfrans zalı yerləşir. Bu mərtəbədə həm də professor müəllim heyəti üçün nəzərdə tutulmuş və müasir tələblərə uyğun inşa edilmiş 2-3 otaqdan ibarət 5 VIP mənzil vardır.

 Müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün hər cür şəraiti olan 300 nəfərlik böyük akt zalı 3-cü mərtəbədədir. Zalın divarları və tavanı Şərq üslubunda zərif şəbəkələrlə işlənmiş, işıqlandırma, akustika, səs və video görüntülər sistemi isə Avropa standartlarına uyğun quraşdırılmışdır. Böyük akt zalının qarşısındakı vestibüldə tənəffüs zamanı iştirakçıların istirahəti üçün gözəl şərait yaradılmışdır.

 4-cü mərtəbə yalnız yataq otaqları üçün nəzərdə tutulub. Geniş və işıqlı dəhlizlərdəki səliqə-sahman göz oxşayır. Zövqlə bəzədilərək bütün zəruri avadanlıqlarla təchiz edilmiş və fərdi sanitar qovşağı, duş kabinəsi olan otaqların əksəriyyəti 2-3 tələbə üçün nəzərdə tutulmuşdur.

Aşağı mərtəbədə yerləşən yeməkxana 200 nəfərlik müəllim-tələbə heyətinə birdəfəyə xidmət edə bilər. Bura ərzaqların saxlanılması, hazırlanması və təqdimatı üçün Avropa istehsalı olan avadanlıqlarla təchiz edilmişdir.

 Mərkəzdə idman növləri ilə məşğul olmaq üçün ayrılmış bölmədə trenajor zalı, güləş döşəkləri, stolüstü tennis, bilyard və digər stolüstü oyunlar üçün hər cür şərait vardır. Burada eyni zamanda müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanmış kitabxana, Wi-Fi sistemi ilə təchiz edilmiş elektron kitabxana yaradılmışdır. Bundan əlavə, Tədris-təcrübə və istirahət Mərkəzində müxtəlif elmi istiqamətlər üzrə laboratoriyalar, müasir avadanlıqlarda təchiz edilmiş tədris auditoriyaları təşkil olunmuşdur.