Universitetin tarixi

Hörmətli istifadəçilər, aşağıdaki mətn test məqsədi ilə yerləşdirilib. Önəmli hissələr "bsu.edu.az" saytından daxil edilib!

Bakı Dövlət Universitetinin Tarixi muzeyi universitetin özü ilə yaşıddır. Universitetin arxivini araşdırarkən məlum оlub ki, muzeyin yaradılması о zamankı universitet rəhbərliyinin ilk qərarlarından biri оlub. Təxminən 1920-ci ildə fəaiyyətə başlayan muzeydə görkəmli ictimai-siyasi xadimlər, alimlər haqqında sənədlər və fotomateriallar saxlanıb. 2010-cu ildə rektor, akademik Abel Məhərrəmovun əmri ilə Azərbaycanın ilk ali təhsil ocağının tarixini hərtərəfli tərənnüm etmək məqsədi ilə muzeydə yenilənmə işlərinə başlanılıb və daha da zənginləşdirilib.

Muzeyin ön hissəsində ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı olan İlham Əliyev cənablarının portretləri və onların ayrı-ayrı vaxtlarda bu təhsil ocağı haqqında  çıxışlarından parçalar həkk olunub. Digər tərəfdə “BDU həyatından tarixi anlar” başlığı ilə universitet həyatında baş verən əlamətdar hadisələr fotoşəkillərlə tərənnüm etdirilib.

Muzeydə Bakı Dövlət Universitetinin tarixinin hərtərəfli əks etdirilməsi üçün onun bütöv tarixi üç başlıq altında verilib.

“Azərbaycan Xalq Cumhuriyyəti illəri”. Bu bölümdə universitetin yaradılması üçün atılan addımlar, bu ali məktəbin yaradılmasının təhsil sisemində dönüş nöqtəsinə çevrilməsi ilə bağlı qısa tarixi məlumatlar, BDU-nunu yaradılması haqqında əqdnamənin orijinal variantı, bununla baglı 1919-cu ildə “Azərbaycan” qəzetində nəşr olunmuş məqalələrin surəti,1920-1921-ci illərdə  tələbələrə ilk təqdim olunmuş diplom nümunəsi, ilk rektor  prof. V.İ.Razumoskinin və 1920-ci ildə rektor təyin edilmiş prof. S.N. Davidenkovun foto şəkilləri mövcuddur.

“Sovet hakimiyyəti illəri”. Bu bölmədə  ilk azərbaycanlı rektor T.A Şahbazi başda olmaqla, Ə.M.Əliyev, Y.H.Məmmədəliyev, Ş.H.Mehdiyev, F.M.Bağırzadənin də daxil olduğu 17 rektorun hər birinin foto şəkli, Sovet illərində məzunların vinetka nümunələri, dekanatlıqlarda istifadə olunan kiril qrafikalı makina, uzun müddət rektor otağında istifadə olunmuş telefon və selektor nümayiş etdirilir.

BDU tarixini əks etdirən digər hissə müstəqillik illəri ilə bağlıdır. 1990-cı illərin əvvələrində yeni təhsil sisteminə keçid, İlahiyyat fakültəsinin yaradılması, universitetin 75 illiyinin keçirilməsi, Coğrafiya və Geologiyanın müstəqil fakültələrə çevrilməsi, Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq, Sosial elmlər və psixologiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin yaradılmaları barədə əmrlərin surəti mövcuddur. Müstəqillik illərində fəaliyyət göstərmiş rektorlar - M.G.Qasımov, F.Y.Səməndərov, M.N.Ələsgərov, M.C.Mərdanov və hazırkı rektoru, akademik A.M.Məhərrəmovun foto şəkilləri nümayiş olunur.

Bakı Dövlət Universitetini dünyanın bir sıra görkəmli xadimləri ziyarət edib, onların bəziləri universitetin Fəxri doktoru adına layiq görülüb. Muzeydə Fəxri doktor adına layiq görülmüş xadimlərin foto şəkilləri, onlara verilən diplom nümunələri  nümayiş olunur və Fəxri doktorların rəsmi geyimi xüsusi maket vasitəsilə canlandırılır.

Muzeyin ikinci hissəsində 17 fakültənin hər birinə ayrıca sahə ayrılıb. Fakültələrin görkəmli alimləri və məzunlarının foto şəkilləri, yaranma tarixləri haqqında yazılı məlumatlar əks olunub. Eləcə də fakültələrin yarandıqları dövrdən orada istifadə olunan alətlər, avadanlıqlar, elmi kitablar maraqlı ekponat kimi ziyarətçilərə təqdim olunur.

Qeyd edək ki, universitet yaradılan zaman 4 fakültənin açılması nəzərdə tutulur: Tarix-filologiya, Tibb, Fizika-riyaziyyat və Hüquq fakültələri. Ancaq müəyyən səbəblərdən həmin il onlardan yalnız iki fakültə Tarix-filologiya və Tibb fakültələri fəaliyyətə başlayıb.

Tarix-filologiya fakültəsi 1934-cü ildən müstəqil fakültəyə çevrilib. Muzeydə bu fakültəyə aid maraqlı ekponatlar, tələbələrin arxeoloji ekspedisiya zamanı aşkar etdikləri gil qablar (e.ə. II minillik), mərmər toppuz (e.ə.III minillik), tuncdan təbərzində balta(e.ə. II-I minillik), Krit-Miken mədəniyyətinə məxsus silahlar (e.ə.II-I minillik) nümayiş olunur.

1939-cu ildən müstəqil fakültəyə çevrilən “Filologiya fakültəsi” bölməsində 1930-40-cı illərdə latın qrafikalı əlifba ilə nəşr olunmuş ədəbiyyat dərslikləri dövrün ədəbi ideyalarını əks etdirir.

Hüquq fakültəsi 1928-ci ildən müstəqil fakültə kimi fəaliyyət göstərir.  Bu fakültəyə aid bölmədə istintaq işinin aparılması təsəvvürlərini yaratmaq üçün müqayisəli tədqiqat işinin aparılması üçün doksiloskopik qurğu, əyani vəsait kimi təcrübə zamanı istifadə olunan soyuq silah, 1970-ci illərdə tədris prosesində istifadə olunan kino-kamera, foto-aparat qurğuları maraqla qarşılanır.

1922-ci ildən müstəqil fəaliyyət göstərən Şərqşünaslıq fakültəsi 1919-cu ildən Tarix-filologiya fakültəsi nəzdində yaradılıb. Muzeyin bu fakültəyə aid bölməsində Azərbaycanın görkəmli dramaturqu C.Cabbarlının BDU-da təhsil aldığını göstərən sənədlər, dahi şair Nizami Gəncəvinin farsca "İsgəndərnamə" kitabı, fakültədə uzun onilliklər istifadə olunan ərəb əlifbalı makina nümayiş olunur.

Filologiya fakültəsinin nəzdində 1928-ci ildən ayrıca şöbə kimi yaradılan və 1969-cu ildə müstəqil fakültəyə çevrilən “Jurnalistika fakültəsi” bölməsində 1960-cı illərdə fakültədə istifadə olunan kino-lentlər, müsahibə alınarkən istifadə olunan bəzi avadanlıqlar, diaqram lentləri mövcuddur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Dəyanət Vəqfi arasında bağlanmış müqaviləyə görə 1993-cü ildə İlahiyyat fakültsinin əsası qoyulur. Muzeydə həmin müqavilənin surəti, fakültədə hazırlıq şöbəsinə dinləyici qəbulu haqqında sənəd nümunəsi, hicri təqvim ilə 1286-cı ildə çap edilimiş hədis kitabı muzeyin ziyarətçiləri üçün maraqlı eksponatlardır.

Kitabxanaçılıq və informasiya fakültəsi 1947-48-ci illərdə Filologiya fakültəsi nəzdində,1962-ci ildən isə müstəqil fəaliyyət göstərir. Muzeydə fakültədə istifadə olunan fotolentlər, patent sənədləri, kitabxana işinin təşkili mövzusunda dərc olunmuş məcmuələr, kitabxanada istifadə olunan kataloq nümunəsi, fakültə müəllim heyətinin istifadə etdiyi vəsiqə və s. eskponatlar fakültə tarixi haqqında ilkin təsəvvürlər yaradır.

Digər bir fakültə Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq 1991-ci ildən yaranmış, 2011-ci ildən Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinə çevrilmişdir. Fakültə tarixindən onun yaradılması haqqında sənədin surəti, siyasi iqtisad dərsliklər, universitet müəllimlərinin Sovet illərində aldıqları məvacib əskinazları məlumat verir.