BDU – məşhur “Times Higher Education (World University Ranking)” reytinq siyahısına düşən ilk Azərbaycan universitetidir

7 Sentyabr 12:19

BDU – məşhur “Times Higher Education (World University Ranking)” reytinq siyahısına düşən ilk Azərbaycan universitetidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali təhsil müəssisələrimizin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesinin sürətlənməsində və onların dünya reytinqində irəliləməsində, habelə ölkəmizin inkişaf konsepsiyasında xüsusi istiqamət kimi seçilən yeni nəsil mütəxəssislərin və rəqabətədavamlı insan kapitalının yetişdirilməsində müstəsna rol oynayır. Bu baxımdan, ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqelərinin yaxşılaşması prioritet məsələlərdən hesab olunur.

Ölkəmizdə elm və təhsilin inkişafında, yeni nəsil yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında ən aparıcı rol oynayan 102 yaşlı Bakı Dövlət Universiteti (BDU) elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, beynəlxalq reytinq siyahılarında mövqeyinin yüksəldilməsi və tədqiqat universitetinə çevrilməsi istiqamətində yüksək nəticələr əldə edir.

Son illər BDU-da aparılan islahatlar, idarəetmə və elmi tədqiqatlarda tətbiq edilən yeni yanaşma və metodlar, tədris prosesində müasir təlim texnologiyalarından istifadə, elmi fəaliyyətə, təhsilə, beynəlmiləlləşməyə, müəllim və tələbələrin ictimai fəallığına xüsusi diqqət öz nəticələrini göstərməkdədir. Tədrisdə məşhur BLACKBOARD elektron sisteminin tətbiqi, elmi prioritetlərin yenidən müəyyənləşdirilməsi və sənayeyönümlü elmi-tədqiqat işlərinin genişləndirilməsi, dünyanın və ölkəmizin aparıcı elmi-tədqiqat və istehsalat müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi, dünyanın nüfuzlu universitetləri ilə birgə ikili diplomlar üzrə kadr hazırlığı və digər bu kimi tədbirlər BDU-da elm və təhsilin inkişafı, yeni nəsil kadrların hazırlanması üçün əlverişli şərait yaratmışdır. Bütün bunların nəticəsidir ki, 2022-ci ildə Azərbaycan universitetləri arasında ilk dəfə olaraq Bakı Dövlət Universiteti Britaniyanın Times Higher Education (THE) jurnalı tərəfindən tərtib olunan və dünyanın ən nüfuzlu reytinqlərindən hesab olunan Dünya Universitetləri Reytinqində (THE World University Ranking) yer alıb. BDU dünyanın siyahıya düşən 1662 universiteti arasında reytinq sıralamasında 1201+,  beynəlxalq reputasiyasına görə isə 864+ yerdə qərarlaşıb.

Bu, Azərbaycan ali təhsil tarixində bir ilkdir. Nəticələr 5 sahədən olan 13 effektivlik göstəricisi əsasında formalaşdırılıb, universitetlərin yeni biliklərin yayılmasındakı rolunu qiymətləndirmək üçün son 5 ilin 14.4 milyon tədqiqat nəşri üzrə 108 milyon istinadın təhlili və dünya üzrə 22.000 mütəxəssis arasında keçirilmiş sorğunun nəticələrindən istifadə edilib. Qeyd olunmalıdır ki, bu nüfuzlu siyahıda Oksford Universiteti, Kaliforniya Texnologiya İnstitutu və Harvard Universiteti ön sıralardadır. Siyahıda yer alan universitetlər 99 ölkə və ya regionu təmsil edir.

Qeyd edək ki, 2010-cu ildən başlayaraq Dünya Universitetləri Reytinqini tərtib edən Times Higher Education jurnalının siyahısı rəsmi olaraq qəbul edilən 4 nüfuzlu reytinq siyahısından biridir (THE, MosIUR, QS, ARWU). Reytinq siyahısının tərtib olunmasında 5 kateqoriya üzrə göstəricilərdən istifadə edilir: tədris fəaliyyəti (Teaching) – 5 göstərici, istinad (Citation) – 1 göstərici , elmi-tədqiqat fəaliyyəti (Research)  – 3 göstərici, sənayedən gələn gəlir (Industry Income) – 1 göstərici və ali təhsil müəssisəsinin (ATM) beynəlmiləlləşmə səviyyəsi (International Outlook) – 3 göstərici. Reytinq siyahısının tərtibi zamanı ATM üzrə statistik məlumatlar, SCOPUS biblioqrafik verilənlər bazasında dərc olunma və istinad olunma aktivliyi öyrənilir və akademik ekspertlərin rəyi nəzərə alınır.

Ümumiyyətlə, THE reytinqinin müəyyən etdiyi aşağıdakı əsas meyarlara cavab verməyən ATM-lər THE-nin tərtib etdiyi Dünya Universitetləri Reytinq siyahısına daxil edilmir:

1) Son 5 il ərzində beynəlxalq bazalarda (Web of Science, SCOPUS) indekslənən 1000-dən az məqalə nəşr etdirən ATM.

BDU-da 81 istiqamətdə 180 mövzu üzrə 1037 elmi-tədqiqat işi yerinə yetirilir. 2016-2020-ci illər ərzində BDU tərəfindən Web of Science bazasına daxil olan dərgilərdə 1596 və SCPOUS bazasında isə 1321 məqalə dərc edilmişdir. Dərc olunmuş məqalələrə 17000-ə yaxın istinad edilmişdir. BDU-nun h-indeksi 47-dir. Bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında liderdir.

2) Bakalavr təhsil proqramları əsasında təhsil verməyən ATM.

Hazırda BDU-da təbiət, humanitar və sosial elmlər sahələrinin müxtəlif istiqamətlərində 80 ixtisas üzrə bakalavr və 224 ixtisaslaşma üzrə magistr hazırlğı həyata keçirilir. 5 ixtisaslaşma üzrə təhsil proqramları beynəlxalq akkreditasiyadan keçmişdir. Dünya təhsil və elm sferasına sürətlə inteqrasiya edən BDU-da 10-a yaxın yeni ixtisas (və ya ixtisaslaşma) üzrə kadr hazırlığına başlanılmışdır.

3) Fəaliyyətinin 80 faizi və ya daha çoxu THE tərəfindən müəyyən edilmiş 11 mövzu kateqoriyalarından yalnız birini əhatə edən ATM.

Azərbaycan universitetlərinin flaqmanı olan BDU-da THE-nin müəyyən etdiyi mövzu kateqoriyaları – humanitar elmlər, kompüter elmləri, mühəndislik, sosial elmlər, həyat elmləri, fizika elmləri, biznes və iqtisadiyyat, hüquq və psixologiya üzrə mütəxəssis hazırlığı həyata keçirilir. BDU dünyanın 7 nüfuzlu ATM ilə ikili diplom proqramları əsasında əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlayır.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin dünyanın ən nüfuzlu reytinqlərindən hesab olunan Dünya Universitetləri Reytinqində (THE World University Ranking) yer alması son illər ali təhsil müəssisəsində aparılan yenidənqurmanın nəticəsidir. Bakı Dövlət Universitetinin çoxminli kollektivinin zəhmətinə əsaslanan bu islahatların məqsədi qısa müddət ərzində müasir tələblərə cavab verən yeni tipli elm və təhsil infrastrukturunu yaratmaq və davamlı olaraq təkmilləşdirmək və nəticədə dünya səviyyəli müxtəlif reytinq cədvəllərində daha da irəliləməkdir.