BDU və Aqrar Sığorta Fondu əməkdaşlığa başlayır

24 Noyabr 11:07

BDU və Aqrar Sığorta Fondu əməkdaşlığa başlayır

Azərbaycanda dövlət dəstəyi ilə müasir aqrar sığorta xidmətləri həyata keçirən Aqrar Sığorta Fondu və ölkənin böyük tarixə malik olan ilk ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti arasında əməkdaşlıq barədə memorandum imzalanıb.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovun imzaladığı memorandum Universitet və Fond  arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Sənədə əsasən qurumlar Universitetin müəllim və tələbələri arasında elmi-praktik məlumatları inkişaf etdirmək, sosial məsuliyyət layihələrinin icrası, menecment, sığorta işi və aqrar sığorta sahəsində birgə tədbirlərin təşkil edilməsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Memoranduma əsasən, Universitetin tələbələri və professor-müəllim heyəti aqrar sığorta, kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr və yeniliklərlə bağlı geniş məlumat alacaq, onlardan təhsil və elmi fəaliyyətdə faydalanacaqlar.

Bakı Dövlət Universitetinin müvafiq ixtisaslarda təhsil alan tələbələrinin Aqrar Sığorta Fondunda istehsalat təcrübəsi keçməsi, yay təcrübə və təlim proqramlarında iştirakı, sertifikatla təmin edilməsi nəzərdə tutulur.

Bundan başqa, Fond tərəfindən Universitetin müxtəlif səviyyələrdə (bakalavriat, magistratura və doktorantura) müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinə dissertasiya mövzularının müəyyənləşdirilməsinə dəstəyin verilməsi, eləcə də təhsil müəssisəsini bitirmiş məzunların və xüsusi istedadlı tələbələrin Aqrar sığorta sistemində (Aqrar Sığorta Fondu və sistemin üzvü olan şirkətlərdə) işlə təmin edilməsi aiddir.

Memorandum çərçivəsində, tərəflərin iştirakı ilə birgə layihə və tədqiqatların həyata keçirilməsi, konfransların, təlimlərin və seminarların təşkil edilməsi və ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin birgə dəstəklənməsi nəzərdə tutulur.