Beynəlxalq ikili diplomlar

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədi ilə beynəlxalq ikili diplom proqramlarının əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır.

Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili təmin edilməlidir.

Tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və Universitetin beynəlxalq rəqabətliliyinin artırılması məsələsinə BDU-da xüsusi diqqət yetirilir və dünyanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür.

Qeyd edək ki, ikili diplom proqramı tələbələrə tərəfdaş universitetlərin müvafiq ixtisasları üzrə diplomlarını almaq imkanı verməklə yanaşı, hər iki universitetdən əldə edəcəyi təcrübənin təhsilin keyfiyyətinin artırılmasında və gələcəkdə yüksək ixtisaslı kadr kimi formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Artıq 2011-ci ildən başlayaraq Bakı Dövlət Universitetində Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa Hüququ ixtisası üzrə magistratura pilləsində “ikili diplom” proqramının icrasına başlanılmış və layihə 2019-cu ilə qədər davam etmişdir. Sözügedən ikili diplom layihəsi çərçivəsində BDU-nun 50 nəfər tələbəsi hər iki universitetin diplomunu əldə etmişdir. Sözügedən layihə çərçivəsində alman tərəfi proqramda iştirak edən tələbələr üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir, almaniyalı professorlar BDU-da mühazirə oxuyurlar. Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi Almaniyanın DAAD təşkilatı tərəfindən həyata keçirilir.

Hazırda BDU-da 4 ikili diplom layihəsi proqramı fəaliyyət göstərir:

Bakı Dövlət Univetrsiteti və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında “Dəniz və enerji hüququ” sahəsində magistratura proqramının təşkili ilə bağlı imzalanmış Müqaviləyə əsasən 2020-ci ildən ingilis dilində birgə magistr hazırlığı həyata keçirilir.  Bu proqram digər xarici ali təhsil müəssisələrinin də diqqətini çəkmişdir.

2018-ci ildə Bakı Dövlət Universiteti və Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında imzalanmış Sazişə əsasən hüquq sahəsində birgə doktorant hazırlığı həyata keçirilir. Belə ki, Sazişlə hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə 3 nəfər doktorantın qəbulunun həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bu da gələcəkdə elm sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişafına təkan verəcəkdir.

Bakı Dövlət Universiteti və Fransanın Lumière Lyon 2 Universiteti arasında əqli mülkiyət hüququ sahəsində ikili magistr dərəcəsinin yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsinə əsasən 2021-ci ilin sentyabrından birgə magistr hazırılığı həyata keçiriləcək.

Bu proqram ingilis və fransız dillərində tədris ediləcək və dərslərin əksər hissəsi Lyon 2 Universitetinin müəllimləri tərəfindən aparılacaqdır. Bu proqram tədrisi əsasən fransız dilində nəzərdə tutulan ilk fransız-azərbaycan ikili diplom proqramıdır. Əvvəl mövcud olan ikili diplom proqramları ancaq ingilis dilində olmuşdur. Bunu nəzərə alaraq, proqram çərçivəsində planlaşdırılan fransız dili kurslarının və imtahanlarının keçirilməsinə görə məsuliyyət Azərbaycan Fransız İnstitutuna həvalə edilmişdir.

2021-ci ildə Bakı Dövlət Universiteti və İsrailin Holon Texnologiya İnstitutu arasında imzalanmış Sazişə əsasən komputer elmləri sahəsində bakalavr hazırlığı həyata keçirilir. Bu ikili diplom layihəsinin əsas məqsədi kompyuter elmlərinin müasir nailiyyətlərinə yiyələnməyi bacaran, İKT sahəsində dərin nəzəri biliklərə və praktiki bacarıqlara malik olan, elm, təhsil, sənaye və biznesin müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.